Dağlıq Qarabağ separatçı rejimin başçısı Bako Saakyan istintaqa çağırılıb

Ermənistanın Xüsusi İstintaq Komitəsi Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin başçısı Bako Saakyanı istintaqa çağırıb.
 
"Report”  xəbər verir ki, erməni rəhbər 2008-ci il martın 1-2-də Yerevanda baş verən hadisələrlə bağlı dindirləcək.
 
Onun 2008-ci ilin mart ayında Ermənistan paytaxtında keçirilən dinc aksiyaların dağıdılması üçün Dağlıq Qarabağdan erməni silahlı dəstələrinin göndərilməsi barədə sorğu-suala tutulacağı gözlənilir. 
 
2008-ci ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt Mərkəzi Seçki Komissiyası namizədlərdən biri olan və hakimiyyətin dəstəklədiyi Serj Sarqsyanın 52,8 faiz səs topladığını və qalib gəldiyini elan edib. Digər namizəd - Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan seçkidə saxtakarlıq olduğunu elan edib və nəticələri tanımayıb.
 
Seçkilərin nəticələrinin saxtalaşdırlmasına etiraz olaraq, martın 1-2-də ölkədə geniş aksiyalar keçirilib. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, 230 nəfər yaralanıb. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıblar.
 
Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci ilin 1-2 mart hadisələrinə görə cinayət işi yenilənib. O vaxtkı prezident Robert Koçaryan məsələ ilə bağlı 2018-ci il iyulun 27-də həbs olunub.
 
Adları yuxarıda qeyd edilənlər Konstitusiya quruluşunu devirmək və külli miqdarda rüşvət almaq, qanunsuz yolla əldə edilən vəsaitləri leqallaşdırmağa görə mühakimə olunacaqlar.