“Çelsi” və Joau Feliks antirekord müəyyənləşdirib

İngiltərənin “Çelsi” klubu və futbolçusu Joau Feliks antirekord müəyyənləşdirib.

Operativtv.com Reporta istinadən xəbər verir ki, Premyer Liqanın VII turundan təxirə salınmış görüşdə “Fulhem”ə 1:2 hesablı məğlubiyyət London təmsilçisi üçün xoşagəlməz statistik göstəricilərlə yadda qalıb.

“Zadəganlar” 2006-cı ilin martından bəri ilk dəfə “Fulhem”ə uduzub. Son 17 ildə tərəflər arasında baş tutan 21 qarşılaşmada “Çelsi” 13 qələbə, 8 heç-heçəyə nail olub.

Bundan başqa, “Çelsi” bütün turnirlərdə keçirdiyi son 8 görüşün 6-da meydanı məğlub tərk etməklə, 30 illik ən pis göstəricisini təkrarlayıb. Paytaxt klubu axırıncı dəfə 1993-cü ildə bu cür uğursuz periodla diqqət çəkib.

“Çelsi”nin “Atletiko”dan yeni icarəyə götürdüyü Joau Feliks isə çıxdığı ilk oyunun 58-ci dəqiqəsində qırmızı vərəqə alaraq, klub tarixində debütündə meydandan qovulan ilk futbolçu olub. Portuqaliyalı, həmçinin, 9 ildən sonra İngiltərə Premyer Liqasında debüt qarşılaşmasında qırmızı vərəqə alan ilk oyunçudur. Axırıncı dəfə 2014-cü ildə “Tottenhem”in müdafiəçisi Federiko Fasio londonluların heyətində keçirdiyi birinci matçda meydandan qovulub.

Qeyd edək ki, “Çelsi” hazırda 25 xalla Premyer Liqada turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.