Bu mənim üçün ən yüksək məqamdır

Az.shafaqna.com-un müsahibi, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılovadır.
 Elçin Vaqif oğlu Həsənli 1993-cü il iyun ayının 16-da Ağstafanın Həsənsu kəndində doğulub. 1999-cu ildə Bakının Suraxanı rayonundakı 290 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2010-cu ildə Nəsimi rayonundakı 211 saylı tam orta məktəbi bitirib. 2010-cu ildə Azərbaycan Texniki Universitetinin “Elektrotexnika ve Energetika” fakültəsinə daxil olub. Həmin universiteti 2014-cü ildə “Elektrik mühəndisliyi” ixtisası üzrə bitirib. 2014-cü ildə Azərbaycan Texniki Universitetində magistratura pilləsinə daxil olub və 2017-ci ildə “Elektrik mühəndisliyi” ixtisasını fərqlənmə diplomu ilə bitirən Elçin 2014-2015-ci illərdə həqiqi hərbi xidmətdə olub, orada da fərqlənib: komandirlərinə yaxşı əsgər, əsgərlərə yaxşı yoldaş, qardaş olub.
2017-ci ildə İtaliyanın Roma şəhərində UNİNETTİNO Universitetində “Bərpa olunan enerji qaynaqları” üzrə kursda iştirak edib, sertifikat alıb. 2018-ci ildə Şirvan ASC-nin mühəndisi, Sabirabadda “ASAN Xidmət”in əməkdaşı olub. 
2019-cu ildə Memarlıq və İnşaat Universitetinin doktoranturasına qəbul olub. Elmi nəşrlərdə öz ixtisası üzrə bir neçə elmi məqaləsi yayınlanıb.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elçin Həsənli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Elçin Həsənli noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Xırdalan şəhərində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Elçin Həsənli ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən, Elçin Həsənli ölümündən sonra “Cəsur döyüşçü”medalı ilə təltif edilib.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Elçin Həsənli ölümündən sonra “Şuşanın azad olunmasına görə”medalı ilə təltif edilib.

 
Sizi salamlayırıq. Qürur duyuruq, bizim üçün böyük şərəfdir ki, şəhid anası ilə müsahibə hazırlayırıq.
İlk sualımızı bizim 44 günlük müharibə, qazandığımız zəfərlə bağlı vermək istəyirik. Bu döyüşlə Azərbaycan işğalda olan torpaqlarını azad etdi. Təbii ki, bu böyük işdə şəhidlərimizin rolu böyükdür. Şəhid anası kimi bu barədə nə deyə bilərsiniz?
 
– 44 günlük müharibə, istər Azərbaycan istər dünya tarixinə qızıl rəqəmlərlə yazılmış şanlı zəfərimizin ömrüdür. Bu zəfər mən deyərdim ki, son 30 ilin deyil əsrlərin zəfəridir. Tarixdə ən böyük həmrəyliyimizin də təcəssümü məhz elə bu tarixi hesab etmək olar. Uşaqdan böyüyə hər kəs ayağa qalxdı. Ordu,dövlət,xalq birliyi sözünü dedi. Mənim oğlum Elçin Həsənli kimi minlərlə oğul orduya dəstək məqsədilə Vətənin dar günündə könüllü olaraq döyüşlərə atıldılar. Bu Zəfəri bizim gələcəyimizin, türk tarixinin,  Turanın böyük qələbəsi hesab etmək olar. Bu şanlı tarixin yazılışında minlərlə şəhid oğul kimi mənim oğlumun da qanı olduğu üçün fəxr edirəm, Vətən qeyrətimizdir.
 
 
 
Ümumiyyətlə şəhid anası olmaq necə bir hissdir?
 
– Şəhid anası olmaq mənim üçün ən yüksək məqamdır, ən yüksək kürsüdür, ən ali zirvədir, başucalığıdır, üzağlığıdır, şərəfdir. Şəhid anası cənnət bağçası üçün gül yetişdirən müqəddəs anadır. Şəhid anası Allah tərəfindən seçilmişlərin əmanət edildiyi müqəddəs qadındır. Vətən üçün balasını qurban verən hər şəhid anası özü elə Vətəndir.
 
 
 
 
 Azərbaycan Dövlətinin şəhid anaları, ailələri üçün göstərdiyi qayğı haqda nə deyə bilərsiniz?
 
– Dövlət olaraq millət olaraq biz şəhidə qiymət verməyi bacaran kəslərik. Düzdür bəzən problemlərlə rastlaşırıq. Lakin bu bəzi yarıtmaz məmurların səhlənkar və savadsız davranışlarından irəli gəlir.
 
 
 
 
Analar övladlarınının vətənpərvər olması üçün nə etməlidirlər?

– Bu gözəl misralar yadıma düşdü:

Gər olsa nisadə elmü irfan
Övladə edər bu yolda iman.

Nisa – qadın, ana deməkdir, yəni anada elm, irfan olarsa, o övladına ehsan olar. Təbii ki, ananın Azərbaycan qadının övladların vətənpərvər olmasında rolu çox böyükdür. Bunu təsdiqləmək üçün şəhid analarını tanımaq lazımdır. Ən parlaq sübut kimi Paşamız Polad Həşimovun anası Səmayə ananı görmək bəs edir. Türk dünyasının nümunə göstəriləcək qəhrəman anası, general anamız.

Təşəkkür edirik bizə vaxt ayırdığınız üçün…

– Buyurun, mən də sizə təşəkkür edirəm.