Bu İslam dininə qarşı planlı təxribatdır

Azərbaycanda anti-islam, xüsusi olaraq anti-şiə meyillər artıq uzun illərdir bu hakimiyyətin gündəmindədir. Bunun üçün ölkənin inanclılarına qarşı reperessiv davranışlar zamanla bu və ya başqa formada özünü təzahür etməkdədir. İnanclıların cəmiyyətdə mənfi imincdə təqdimatı keçmişin təcrübəsidir. İllərdir ruhanilərin narkotik maddələrlə şərlənərək həbsə atılması, inanclılara eyni töhmətin vurulması şəxsən öz təcrübəmdən yaşanan olaydır. Bu gün hadisənin belə geniş vüsət alması, “inanclı vahiməsi”- şiə əqidəsinin bir zamanlar cəmiyyətdə terrorçu-təkfirçi siyasi cərəyanına bənzər qorxunc imicə salınması planlı təxribatın şiəliyə, İslamın həqiqətinə vurulan ləkə olduğunu tam çılpaqlığı ilə göstərir. Kütləvi həbslər artıq bu işin sifarişli olmasını sərgiləyən sadə həqiqət idi. Buna narkotik ittihamı ilə şərləyib mediada cəsus kimi təqdimat isə bu işin arxasında dayanan qüvvələrin məkirli addımlarını gün kimi aydınladır. Bir də buna heç bir məhkəmə qərarı, araşdırma olmadan “cəsus” damğası vurmaq, İranla münasibətlərdə böhranı bəhanə edib əqidənin aşağılanmasına yönəli hiddət və nifrətdən başqa bir mənaya gəlmir.
Hakimiyyətdən inanc və inanclılara qarşı haqsız ittihamlar, qurama oyunlar və kütləvi həbsləri tezliklə dayandırmağı, şərləmə oyununa alət etdiyi dini inancın pak varlığına ləkə salmağa çalışdığı mənfur əlini çəkməyi tələb edirik. Unutmayın ki, əqidənin yaratdığı paklıq ruhunda pərvaz edən bu günahsız insanların həbsi öz oturduğu budağı kəsib yüksəklikdən aşağı yuvarlanan insanın aqibətini qaçılmaz edəcək.
 
Hacı Tale Bağırzadə