...Azərbaycan sonuncudur

"Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" Qanununa görə, bu il Azərbaycanın büdcə xərcləri 36 milyard 763 milyon manat olacaq. Bu, indiki məzənnə ilə 21.6 milyard dollar deməkdir. Digər Cənubi Qafqaz ölkələri ilə müqayisə etdikdə bəlli olur ki, büdcə xərclərinin toplam həcminə görə Azərbaycan Gürcüstan və Ermənistanı qabaqlayır. 2024-cü ildə Ermənistanın dövlət büdcəsinin xərcləri 32 milyard dram - Ermənistan Mərkəzi Bankının indiki məzənnəsi ilə təxminən 7.9 milyard dollar olacaq. Gürcüstanda isə 2024-cü ildə büdcədən 24.2 milyard lari, yəni rəsmi məzənnə ilə təxminən 9.1 milyard dollar xərclənməsi nəzərdə tutulur.

Rəqəmlərdən göründüyü kimi, dövlət büdcəsinin toplam xərcləri baxımından Azərbaycanın göstəricisi Ermənistan və Gürcüstanı qabaqlayır. Di gəl, ölkənin hər vətəndaşına düşən büdcə xərcləri baxımından vəziyyət fərqlidir. Belə ki, Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, 2023-cü il yanvarın 1-nə Azərbaycanın əhalisi 10 milyon 127 min nəfərə bərabərdir. Yəni, ölkədə büdcə xərcləmələrinin 21.7 milyard dollar olduğunu nəzərə alsaq, ölkədə adambaşına düşən büdcə xərci 2 min 130 dollardır.

Rəsmi rəqəmlərə görə, Ermənistanın 2023-cü ilin əvvəlinə olan əhali sayı 2 milyon 977 min nəfərdir. Ermənistanın büdcə xərclərinin 7.9 milyard dollar olduğu nəzərə alınsa, bəlli olur ki, bu il Ermənistanda adambaşına düşən büdcə xərclərinin məbləği 2 min 650 dollar səviyyəsində olacaq. Gürcüstanda isə 2024-cü ildə büdcə xərcləri 9.1 milyard dollar, əhali sayı 3 milyon 736 min nəfərdir. Deməli, adambaşına düşən büdcə xərci 2 min 435 dollardır. Hesablamalarda 2023-cü ilin əvvəlinə olan əhali sayının nəzərə alınması 2023-cü illə bağlı yekun rəqəmlərin açıqlanmaması ilə bağlıdır.

Qeyd edilən rəqəmlərdən göründüyü kimi, 2024-cü ildə Cənubi Qafqaz ölkələrində toplam büdcə xərcinin məbləği baxımından Azərbaycan (21.6 milyard dollar) Ermənistan (7.9 milyard dollar) və Gürcüstanı (9.1 milyard dollar) qabaqlayır. Ancaq əhalinin hər nəfərinə düşən büdcə xərcinin məbləğinə görə Azərbaycan (2 min 130 dollar) Gürcüstandan (2 min 435 dollar) 14 faiz, Ermənistandan (2 min 650 dollar) isə 24 faiz geri qalır.

AzadlıqRadiosuna qarşı iddialar

AzadlıqRadiosu adambaşına büdcə xərclərinin məbləğinə görə Azərbaycanın regionda sonuncu olması ilə bağlı material dərc edəndən sonra hökumətin nəzarətindəki bir neçə televiziya və onlayn media platforması, yumşaq deyilərsə, yanlış və əsassız xəbər və şərhlər yayımlayıb. Maraqlıdır ki, həmin yazılarda AzadlıqRadiosunun Ermənistanla bağlı açıqladığı rəqəmlərin doğruluğu təsdiqlənir. Başqa deyimlə, hökumətyanlı media da Ermənistanda adambaşına düşən büdcə xərclərinin Azərbaycandan 24 faiz çox olduğunu bildirir. Sadəcə, Gürcüstanla bağlı açıqlanan rəqəmin doğru olmadığı, Azərbaycanın adambaşına düşən büdcə xərclərinə görə Ermənistandan geri qalsa da, Gürcüstanı qabaqladığı göstərilir. Ancaq hökumətyanlı medianın Gürcüstanda toplam büdcə xərclərinin, AzadlıqRadiosunun bildirdiyi kimi, 9.1 milyard dollar deyil, 8.5 milyard dollar olmasını nəyə əsasən iddia etdiyi qaranlıq qalır. Axı rəsmi mənbələrə görə, 2024-cü ildə Gürcüstanın büdcə xərcləmələri 24 milyard larini aşır. Gürcüstan Mərkəzi Bankının açıqladığı göstəriciyə görə, hazırda ölkədə 1 ABŞ dolları 2.6688 gürcü larisinə bərabərdir. Deməli, Gürcüstanda büdcə xərclərinin həcmi ilə bağlı hökumətə yaxın medianın açıqladığı rəqəm (8.5 milyard dollar) yalandır.

Digər tərəfdən, hökumətə yaxın media iddia edir ki, 2024-cü ildə Azərbaycanda adambaşına düşən büdcə xərcləri, AzadlıqRadiosunun bildirdiyi kimi, 2 min 130 dollar deyil, 2 min 170 dollardır. Prezident İlham Əliyevin təsdiqlədiyi dövlət büdcəsi haqqında qanuna görə, 2024-cü ildə Azərbaycanın dövlət büdcəsinin xərcləri 36 milyard 763 milyon manat, yəni 21 milyard 625 milyon dollardır. Hökumət mediasının Azərbaycanda adambaşına büdcə xərclərinin 2 min 170 dollar olmasını iddia etməsindən belə anlaşılır ki, ya həmin materialları hazırlayanların Azərbaycanda rəsmi əhali sayının 10 milyonu ötməsindən xəbəri yoxdur, ya da prezidentin imzaladığı büdcə haqqında qanundan. Axı Azərbaycanda adambaşına düşən büdcə xərclərinin 2 min 170 dollar olması üçün ölkə əhalisinin sayı 9.9 milyon nəfər olmalıdır. Görünür, rəqəmləri saxtalaşdırmaq naminə hökumət mediası 200 min Azərbaycan vətəndaşının vətəndaş kimi nəzərə alınmamasını daha məntiqli sayıb.

Digər əsassız arqumentlər

Hökumətin nəzarətindəki media qurumlarının AzadlıqRadiosunun büdcə xərcləri ilə bağlı yalan məlumat yaymasını iddia edən materiallarındakı rəqəmlər, görünür, onların özünə də inandırıcı gəlməyib. Elə bu üzdən, müəlliflər həmin materiallarda əsassız rəqəmlərlə yanaşı, büdcə xərcləri ilə bağlı digər "arqumentlər"dən də yararlanıblar. Bunlardan biri Ermənistan və Gürcüstan büdcəsindəki kəsirlə bağlıdır. Təbliğat hay-küyünü vicdanlı yanaşmanı bilgiləndiməkdən üstün tutan müəlliflərin görməzdən gəldiyi məqam odur ki, axı bu il Azərbaycanın dövlət büdcəsinin də eyni şəkildə kəsirlə icra edilməsi, yəni xərclərin gəlirləri üstələməsi proqnozlaşdırılır. 2024-cü ilin büdcə qanununda göstərilir ki, büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, xərclərininsə 36 milyard 763 milyon manat olması proqnozlaşdırılır. Deməli, xərclər gəlirdən 2 milyard 590 milyon manat çox olacaq. Əgər büdcənin kəsirli olması problemli məqamdırsa, niyə həmin materiallarda Azərbaycan büdcəsinin də kəsirlə proqnozlaşdırıldığı görməzdən gəlinir, ancaq Ermənistan və Gürcüstan büdcələrində kəsr olması problem kimi göstərilir?

Eyni zamanda, hökumət mediasında yayımlanan materiallarda dövlət borcu ilə də bağlı təhrif edilmiş yanaşma sərgilənir. Gürcüstan və Ermənistan iqtisadiyyatının zəif olduğunu isbat etmək üçün bildirilir ki, hər iki ölkədə büdcə kəsiri xarici borc hesabına təmin edilir. Görəsən, həmin müəlliflərin xəbəri varmı ki, Azərbaycan Maliyyə Nazirliyi də büdcəyə dair açıqladığı sənəddə göstərir ki, büdcə kəsrinin maliyyələşməsi dövlət əmlakının özəlləşdirilməsi, eləcə də borclanma hesabına gerçəkləşdiriləcək. Demək, burada da hökumətin nəzarətindəki media orqanlarının Gürcüstan və Ermənistan iqtisadiyyatını zəif göstərmək üçün yararlandığı arqument elə Azərbaycan iqtisadiyyatından da ötrü keçərlidir və dövlətlərin büdcə kəsirini maliyyələşdirmək üçün borclanması normal təcrübə sayılır.

Hökumətin nəzarətindəki media orqanlarının AzadlıqRadiosunun hazırladığı şərhin yanlış olmasına dair materiallarında ən absurd əsaslandırmalardan biri də əhali sayının hesablanan rəqəmlərə təsiri ilə bağlıdır. Həmin materiallarda qeyd edilir ki, əgər Ermənistan və Gürcüstanın da əhalisi Azərbaycandakı kimi 10 milyon olsaydı, həmin ölkələrdə adambaşına düşən büdcə xərcləri daha aşağı olardı. Ancaq müəlliflərin hər iki ölkədə əhali sayının bir neçə dəfə artacağı şəraitdə iqtisadi gəlirlərin olduğu kimi qalacağını düşünməsi, sadəcə, gülüş doğurur. AzadlıqRadiosunun rəsmi rəqəmlərə istinadla hazırladığı materiala hökumətin nəzarətindəki media orqanlarının yanlış hesablamalar və əsassız arqumentlərlə dolu cavab hazırlaması göstərir ki, Azərbaycan hökuməti üçün real rəqəmlərlə üzləşmək deyil, yalan xəbərlərlə toplumu aldatmağa çalışmaq daha önəmlidir. Eyniməzmunlu mətnlərin eyni anda bir neçə televiziya kanalı və xəbər saytında yayımlanması isə bu media orqanlarının müstəqil olmadığını, prezident administrasiyasından göndərilən tezislər əsasında çalışdıqlarını bir daha təsdiqləyir.