AXCP sədri Əli Kərimli Abbas Hüseynə qarşı edilən işgəncələrdən yazdı

AXCP sədri Əli Kərimli Abbas Hüseynə qarşı olunan işgəncələrdən yazdı. Sosial media üzərindən paylaşım edən partiya lideri yazır:
"Vicdanlı vətəndaşlarımız yaxın otursunlar.
Təkcə özünü, ailəsini yox, haqqı, ədaləti, darda olanları, zülmə məruz qalanları düşünən soydaşlarım, diqqətlə oxuyun.
"Bu gün olmasa sabah, sabah olmasa beş gün sonra, beş gün sonra olmasa da beş ay sonra məni öldürəcəklərinə şübhə etmirəm. Son beş ayda olduğum həbsxana rəhbərləri tərəfindən beş dəfə ən ağır şəkildə döyülüb işgəncələrə məruz qalmışam”.
Bu sözlər Müsəlman Birliyi Hərəkatının 2015-ci ildən "Nardaran işi" üzrə həbs olunmuş fəalı, siyasi məhbus Abbas Hüseynin sosial şəbəkələrdə yayılmış səs yazısında deyilib.
Abbas Hüseyn hansı yollasa sosial şəbəkələrə çatdırdığı səs yazısında başına gələnləri belə təsvir edir: “Əllərim arxadan qandalanıb yerə yıxılıb döyülmüşəm. Qollarım dəmir çarpayıya bağlanıb işgəncələrlə döyülmüşəm..."
Abbas Hüseynin anası Rəhimə Hüseynova deyir ki, Abbas Hüseynin burnunu vurub sındırıblar, qollarını qandal kəsib.
Hökumətin yaltaqlar və trollar ordusunun nəzərinə çatdırım ki, siyasi məhbus Abbas Hüseynə verilən işgəncələri, ona qarşı törədilən cinayətləri heç bir "İran agentinə yaxşı olur" boşboğazlığı ilə malalaya bilməyəcəklər. Əvvəla ona görə ki, Abbas Hüseyn artıq 7 ildir həbs olunub və hakimiyyət tərəfindən ona qarşı İranla əlaqəli heç bir ittiham irəli sürülməyib. İkincisi, Abbas bəy həm 2-ci Qarabağ savaşı günlərində, həm də sonrakı zamanlarda İranın Azərbaycana qarşı qərəzli hərəkətlərinə prinspial qiymət vermiş vətənsevər və imanlı bir insandır. Abbas bəy həbsxanadan göndərdiyi yazıların birində belə yazırdı:
"Biz Əli şiəsiyik. İranın yox...
Hamı bilsin ki, hər zaman haqqı, ədaləti, İslami dəyərləri sevdiyim kimi, öz vətənimi, millətimi və dövlətimi də sevmişəm.
Bilirik ki, bütün dinlər və sonuncu din İslam dini də doğru yaşamağı, haqqı qorumağı və haqlı olanın yanında olmağı əmr edir...
Çox təəssüf ki, müsəlmana gələ biləcək zərər və ziyana görə sadə vətəndaşın düşünə bildiyini, böyük bir İslam dövləti illərdir ki, düşünə bilməmişdir. İllərdir ki, öz yanacağını müsəlman qanını töküb torpaqlarını işğal edən, məscidləri sökən ermənilərə göndərmişdir. Sadə bir müsəlmanın etməkdən çəkindiyi əməli, bu boyda İslam dövlətinin etməsi təəssüf hissi yaradır. Bu əməllər "zalıma xidmət etmək haramdır" deyən imam Əli əleyhissəlamın kəlamını tapdalamaq və haqqı gizlətmək anlamına gəlir."
Abbas Hüseynə qarşı işgəncə və anti- insani rəftar durdurulmalıdır.
Yeri gəlmişkən, inanclı fəalların narkotik ittihamı ilə kütləvi həbsinə də toxunmaq istəyirəm.
ABŞ Dövlət Departamentinin yaydığı "2022-ci ildə Beynəlxalq Din Azadlığı" hesabatında da vurğulanır ki, Azərbaycanda dini fəalların narkotik ittihamı ilə kütləvi həbsi siyasi motivlidir.
MŞ isə Azərbaycanda inanclı fəalların kütləvi həbsilə bağlı ayrıca bəyanat qəbul edib. Təəssüf ki, Azərbaycan və İran arasında dövlətlərarası münasibətlərin pisləşməsinə görə Azərbaycan Respublikasında olduğu kimi, sərhəddin o tayında da azərbaycanlılar əziyyət çəkir. Son aylarda İranda azərbaycanlı milli fəalların siyasi mülahizələrlə həbsi daha da kütləviləşib. O həbsləri də qəti şəkildə pisləyirik. Həm Azərbaycanda, həm də İranda siyasi mülahizələrlə həbs olunanların hamısına azadlıq tələb edirik."