Şahmat üzrə Avropa çempionu Azərbaycan millisində işləyəcək

Avropa çempionu, komandaların yarışında dünya çempionatının qalibi, tanınmış şahmatçı Yevgeni Tomaşevski bir müddət ölkəmizdə fəaliyyət göstərəcək.

Azərbaycan Şahmat Federasiyasından (AŞF) SalamNews-a verilən məlumata görə, rusiyalı mütəxəssis yeniyetmə və gənc şahmatçılar, o cümlədən qadınlardan ibarət Azərbaycan yığmasının hazırlığı ilə məşğul olacaq.

Federasiya yeniyetmə və gənclərin, eyni zamanda qadınlardan ibarət yığmanın hazırlıq səviyyəsini artırmaq məqsədi ilə Tomaşevskinin təlim-məşq toplanışına cəlb olunması barədə qərar qəbul edib.

Şahmatçıların hazırlığı fərdi inkişafına uyğun xüsusi proqramla keçiriləcək.

Qeyd edək ki, dünyanın tanınmış şahmatçılarından olan Yevgeni Tomaşevski iki dəfə Rusiya çempionatında qızıl medal qazanıb. Bununla yanaşı, o, Saratov klubunun heyətində iki dəfə Avropa Kubokunun qalibi olub. Hazırda şahmatçı 2694 xal ilə FİDE reytinqində 44-cü pillədə qərarlaşıb.