Prezident Əliyev Mahmud Abbasa məktubda həmrəylik ifadə edib

Azərbaycan Prezidenti İlham Əliyev fələstinlilərin prezidenti Mahmud Abbasa 15 noyabr Milli Bayram münasibəti ilə təbrik məktubu göndərib.

Təbrikdə deyilir ki, 2022-ci ildə Azərbaycanın Fələstində diplomatik nümayəndəliyinin təsis edilməsi ikitərəfli əlaqələrin inkişafı istiqamətində atılmış müsbət addımdır.

“Tərəfimizdən Fələstində məktəbin inşa edilməsi məsələsi də gündəlikdədir,” Azərbaycan Prezidenti qeyd edib.

Azərbaycanın dövlət başçısı Qəzzadakı gərginliyin tezliklə aradan qaldırılacağına ümid etdiyini ifadə edib.

“Azərbaycan Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirmiş və bu məsələnin BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq iki dövlət prinsipi əsasında həllini dəstəkləyir. Ölkəmiz BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə bundan sonra da dəstək göstərməyə davam edəcəkdir. İnanıram ki, ölkələrimiz arasında xoş ənənələrə malik dostluq əlaqələri və əməkdaşlığımız bundan sonra da uğurla inkişaf edəcəkdir,” təbrikdə qeyd edilir.

İsraillə strateji münasibətlərə malik Azərbaycan oktyabrın əvvəllərində Qəzzada münaqişə alovlandıqdan sonra həssas diplomatik siyasət yürüdür.

Ötən ilin noyabr aypında Azərbaycan İsrailin Tel Əviv şəhərində səfirlik açılması ilə bağlı qərar qəbul edib. Mart ayında Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov etimadnaməsini İsrail Prezidenti İsxak Hersoqa təqdim edib.

Qəzzada münaqişə başladıqdan sonra Azərbaycan fələstinlilərə $1.6 milyon dollarlıq yardım paketi ayırıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, Azərbaycanla Fələstin arasında ikitərəfli münasibətlər 1992-ci ildən başlayıb.

Belə ki, 1992-ci ilin 15 aprel tarixində Azərbaycan ilə Fələstin Milli Hakimiyyəti arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanıb.

“2013-cü ilin 11 iyun tarixində Fələstin xarici işlər naziri Riyad Əl-Malikinin başçılıq etdiyi nümayəndə heyəti Bakıda keçirilmiş Fələstin xalqına yardım məqsədi ilə İslam maliyyə təhlükəsizlik şəbəkəsinin yaradılmasına dair Konfransda və Qüds şəhərinin inkişaf etdirilməsi məqsədi ilə sektor planının maliyyələşdirilməsinə dair donor ölkələrinin konfransında iştirak etmək məqsədi ilə Azərbaycana səfər edib. Sözügedən konfransların nəticəsi olaraq, Azərbaycan tərəfi Fələstinə 5 milyon ABŞ dollar məbləğində yardım ayırıb. 29 sentyabr 2014-cü il tarixində Fələstinin Qəzza sektorundakı humanitar böhranın aradan qaldırılması məqsədilə Azərbaycan hökuməti tərəfindən ayrılmış 500 min manat (635 min ABŞ dolları) məbləğində yardım BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) hesabına köçürülüb”, məlumatda qeyd edilir.

Azərbaycan ilə Fələstin arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında dörd sənəd imzalanıb.

 

Amerikanın Səsi