İsrailin Azərbaycanla yaxınlaşma siyasətinin kökündə həlledici məqamda ərazimizdən İrana qarşı istifadə etmək niyyəti durub!

Ermənistanın həm Azərbaycan, həm də Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışdığı bir vaxtda Netanyahu hökumətinin “erməni soyqırımı” məsələsini yenidən ortaya atıb dəstəkləməsi, əslində, rəsmi Təl-Əvivin Azərbaycan siyasətini ifşa etməklə, ölkəmizdəki israilsevərləri də çətin vəziyyətdə qoyub.

Bu addım bir daha o gerçəyi ortaya qoyur ki, İsrailin Azərbaycanla yaxınlaşma siyasətinin kökündə bizim haqlı davamıza səmimi dəstəyi yox, məhz həlledici məqamda ərazimizdən İrana qarşı istifadə etmək niyyəti durub!

İndi bu niyyət baş tutmadığından, Netanyahu hökuməti qəzəbli şəkildə hər addımda Azərbaycan hakimiyyətini şantaj edir, hətta bizi erməni revanşizminə açıq dəstək verəcəkləriylə hədələyir!

Baxın, fevralın 28-də ABŞ-İsrail ittifaqının İrana qarşı genişmiqyaslı əməliyyatları başlayan zaman İsrailin Azərbaycanda “millətçi kəsim” pərdəsi altında ictimai-siyasi sektordakı şəbəkəsi, o cümlədən parlamentimizdəki tərəfdarları çox fəal şəkildə İrana qarşı psixoloji, informasiya-təbliğat savaşına qoşuldu. Bu savaşın daha da genişləndirilməsi, Azərbaycanda ictimai qəzəb yaradılması və rəsmi Bakının anti-İran koalisiyasında yer alması üçün hətta Naxçıvanın ən strateji obyektinə - aeroportuna dron hücumu da təşkil edildi...

Ancaq Azərbaycanın həm İran tərəfiylə intensiv danışıqları və aparılan dəqiqləşdirmələr, həm də əsas müttəfiqləri - Türkiyə, Pakistan və Rusiya ilə birgə hərəkət etməsi İsrailin Azərbaycanı fitnəkarlıqla meydana çəkmək və onun ərazisindən platsdarm kimi istifadə etmək planlarını pozdu!

İranla həlledici savaşda uğursuzluğa düçar olan Netanyahu hökuməti indi rüsvayçı məğlubiyyətinin acısını təkcə Ərdoğandan yox, həm də Əliyevdən çıxmağa çalışır. "Erməni soyqırımı"nı dəstəkləməsi də buna görədir.

Son 3 ayda üçüncü dəfədir ki, Netanyahu hökuməti İranla münasibətlərini yaxşılaşdırmağa çalışan Azərbaycan tərəfini ictimai rəydə çətin vəziyyətdə qoymağa və tənqid hədəfinə gətirməyə can atır: aprelin 21-də İsrailin 3 kəşfiyyat qurumu birgə bəyanatla çıxış etdi ki, onlar martın əvvəlində Azərbaycanda İrana qarşı əməliyyat keçiriblər və SEPAH-ın Bakı-Ceyhan xəttinə planlaşdırılan təxribatının qarşısını alıblar; iyunun 5-də CNN kanalı İsraildəki mənbələrinə istinadla belə bir məlumat yaydı ki, İrana qarşı əməliyyatlar zamanı İsrail xüsusi təyinatlıları Azərbaycana yerləşdirilib və SEPAH-ın kəşfiyyat komandanının qətlə yetirilməsində onların köməyindən istifadə olunub; indi isə Netanyahu hökuməti elan edir ki, onlar “erməni soyqırımı”ı təşəbbüsünü dəstəkləyirlər...

Beləliklə, o fakta mütləq diqqət yetirmək gərəkdir ki, İsrailin Azərbaycanı belə açıq şantaj cəhdləri məhz İran və Azərbaycan rəsmiləri arasında keçirilən görüşlərdən və bu görüşlərdə də hər iki ölkənin yaxınlaşması istiqamətində əldə olunan razılaşmalardan sonra baş verir!

Xatırladaq ki, sonuncu dəfə iyunun 24-də İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Azərbaycanda olub, prezident İlham Əliyevlə görüşüb və o görüşdə də İsrailin ürəyincə olmayan fikirlər səsləndirilib.

Çox güman ki, tezliklə İsrail silahları Ermənistan ordusunun da arsenalında yer alacaq, eyni zamanda, Azərbaycan rəsmilərinə qarşı kompromat savaşı daha da şiddətlənəcək.

 

 

Elxan Şükürlü