İsrailin təbliğatını aparmış şirkət və influnserlərin hökuməti borca görə məhkəməyə verdiyi deyilir

Sosial şəbəkələrdə İsrailin təbliğatını aparmış şirkət və influnserlərin hökuməti borca görə məhkəməyə verdiyi deyilir.
Bu barədə İsrailin "Calcalist" qəzeti məlumat yayıb.
Məlumata görə, İsrailin Milli İctimai Diplomatiya Direktorluğu (İsrail təbliğatına nəzarət edən, "Hasbara" kimi tanınan qurum - red.) ilə işləmiş podratçı şirkətlər və şəxslər hökumətdən ödənilməmiş işlərə görə təxminən 2 milyon şekel (650 min ABŞ dolları) tələb edirlər.
Onlar 2023-cü ilin oktyabrından - İsrail Qəzzada müharibəyə başlayandan bəri bu işləri gördüklərini deyirlər.
Görülən işlərə mediada və sosial şəbəkələrdə İsraili müdafiə edən məzmunların hazırlanması və paylaşılması, eləcə də çəkilişlərin təşkil olunması daxildir.
İsrail baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın müsahibələri üçün xüsusi studiya təmin etmiş bir şirkət ödənilməmiş işlərinə görə yarım milyondan çox şekel (təxminən 160 min dollar) tələb edir.
"Intellect" adlı başqa bir şirkət baş nazirdən 1,5 milyondan çox şekel (təxminən 487 min dollar) tələb edir.
Şirkətin israilyönümlü fəalların Haaqaya uçuşlarını maliyyələşdirdiyi bildirilir. Sözügedən fəallar Beynəlxalq Ədalət Məhkəməsində İsraillə bağlı baş tutan dinləmələrdən əvvəl fələstinyönümlü nümayişçilərə etiraz ediblər.
Baş nazirin mətbuat xidməti bildirib ki, İctimai Diplomatiya Direktorluğunun bağladığı müqavilələrdə “qeyri-adi hallar” olsa da, hüquqi proseslər davam etdiyindən ətraflı açıqlama verilmir.