Bu gün İmam Həsənin (ə) mövludu günüdür

 

İmam Həsən Müctəba (ə) hicrətin üçüncü ilində, Ramazan ayının 15-də Mədinə şəhərində dünyaya gəlib. O, İmam Əli (ə) və Həzrət Fatimə Zəhranın (ə) ilk övladı idi.

 

İmamət dövrü və çətin sınaq

Rəvayətlərə görə, Məhəmməd peyğəmbər (s) doğulduqdan dərhal sonra körpəni qucağına alaraq sağ qulağına azan, sol qulağına iqamə oxumuş, əqiqə kəsmiş və saçının çəkisi qədər gümüşü yoxsullara sədəqə vermişdir. “Həsən” adı o dövrə qədər ərəb cəmiyyətində işlədilməmişdi.

İmam Həsən (ə) təxminən yeddi il babası Peyğəmbərin (s) yanında böyümüş, onun xüsusi diqqət və məhəbbətini görmüşdür. Peyğəmbərin vəfatından qısa müddət sonra anası Fatimə (s.ə) da dünyadan köçmüş və İmam Həsən (ə) atasının tərbiyəsi altında yetişmişdir.

O, zahiri görkəmi və əxlaqı baxımından Peyğəmbərə (s) çox bənzəyirdi.

 

İmamət dövrü və çətin sınaq

İmam Əlinin (ə) şəhadətindən sonra İmam Həsən (ə) ilahi əmrlə və atasının vəsiyyəti ilə imamət məqamına yüksəldi. Təxminən altı ay müsəlmanların işlərini idarə etdi.

 

Bu dövrdə Şam hakimi Müaviyə ibn Əbu Süfyan (l) İraq istiqamətində hərbi yürüşə başladı. Uzun illər davam edən siyasi qarşıdurmalar nəticəsində İmam Həsən (ə) müsəlman qanının tökülməməsi üçün sülh qərarı verdi. Bu qərar onun uzaqgörənliyinin və ümmətin mənafeyini şəxsi maraqlardan üstün tutmasının göstəricisi kimi qiymətləndirilir.

İmam Həsən (ə) “Kərim Əhli-beyt” adı ilə tanınırdı. Rəvayətlərdə bildirilir ki, o, ehtiyacı olanları xəcalət çəkməyə qoymaz, çox zaman istək dilə gətirilmədən yardım edərdi.

Onun evi yoxsullar üçün sığınacaq, ümidini itirənlər üçün təsəlli məkanı idi.

Tarixi mənbələrə görə, İmam Həsənin (ə) həyatında bir neçə nikahı olub. Onun övladlarının sayı barədə fərqli rəvayətlər mövcuddur, lakin ümumilikdə 15 övladının olduğu qeyd edilir.

Nəsli əsasən iki oğlu – Həsən və Zeyd vasitəsilə davam edib.