Yamal bir əsrlik rekordu qırdı

"Barselona"nın 18 yaşlı hücumçusu Lamin Yamal İspaniya La Liqasında yeni rekord müəyyənləşdirib.

Bu haqda transfermarkt.es məlumat yayıb.

Yamal bunu 26-cı turda "Vilyarreal"la görüşdə het-trik etməklə bacarıb. Forvard cari mövsüm yerli çempionatdakı qollarının sayını 13-ə çatdırıb. Bununla da o, La Liqada 19 yaşdan kiçik oyunçular arasında 1 mövsümdə ən çox qol vuran futbolçu adını qazanıb. Yamal 1929/30 mövsümündə Xose İraqorrinin imza atdığı rekordu qırıb. Həmən vaxt əfsanəvi ispaniyalı 12 qol vurmuşdu.

2025/26 mövsümündə Yamal bütün turnirlərdə 34 oyun keçirib, 18 qol vurub və 14 məhsuldar ötürmə verib.