CPJ: "İsrail son iki ildəki jurnalist ölümlərinin 2/3-sindən məsuldur"

Beynəlxalq mətbuat azadlığı təşkilatı olan Jurnalistləri Müdafiə Komitəsi (CPJ) 2025-ci ildə dünyada jurnalist ölümləri barədə hesabat dərc edib. 

Hesabatda bildirilir ki, ötən il ümumilikdə 129 mətbuat işçisi öldürülüb. Bunun 1992-ci ildən, yəni CPJ-nin jurnalist ölümlərini monitorinq etməyə başlamasından bəri ən yüksək göstərici olduğu deyilir. 

Təşkilat bildirib ki, 2025 və 2024-cü illərdəki jurnalist ölümlərinin 2/3-sinə görə İsrail məsuliyyət daşıyır.

2025-ci ildə öldürülən 129 media işçisindən ən azı 104-ü hərbi münaqişələr zamanı həyatını itirib. Əvvəlki illə müqayisədə Ukrayna və Sudanda da öldürülən jurnalistlərin sayı artsa da, hesabata əsasən, jurnalistlərin əksəriyyəti İsrail tərəfindən öldürülən fələstinlilər olub. 

CPJ bildirir ki, ötən il İsrail tərəfindən 86 jurnalist öldürülüb, lakin onların heç də hamısı həmin vaxt müharibənin getdiyi Qəzza zolağında öldürülməyib. Onların 60%-nin Qəzzada, digərlərinin isə, əsasən, digər Fələstin ərazisi olan Qərb Sahilində öldürüldüyü bildirilir. 

“İnformasiyaya çıxışın heç vaxt olmadığı qədər vacib olduğu bir dövrdə rekord sayda jurnalist öldürülür. Mediaya qarşı hücumlar digər azadlıqlara qarşı hücumların əsas göstəricisidir və bu qətllərin qarşısını almaq və günahkarları cəzalandırmaq üçün daha çox iş görülməlidir. Jurnalistlər xəbərləri işıqlandırdıqlarına görə öldürüldükdə, hamımız risk altına düşürük", - CPJ-nin baş direktoru Codi Ginsberq deyib.