Türkiyə XİN başçısı: ABŞ İranın uranı məhdud həcmdə zənginləşdirməsinə razılıq verməyə hazırdır

ABŞ və İran nüvə razılaşması üzrə kompromislərə getməyə hazırdır və Vaşinqton Tehranın uran zənginləşdirməsini tamamilə dayandırmaq tələbindən imtina edə bilər.

Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan “Financial Times” qəzetinə müsahibəsində deyib.

Fidanın sözlərinə görə, amerikalılar, görünür, İranın uranı zənginləşdirməsinə müəyyən məhdudiyyətlər daxilində icazə verməyə hazırdır.

"İranlılar artıq başa düşürlər ki, amerikalılarla razılaşmaya gəlməlidirlər, amerikalılar isə anladılar ki, iranlıların da öz limitləri var", - Türkiyə XİN başçısı bildirib.

Hakan Fidan həmçinin, ABŞ-ın İrana qarşı həddən ziyadə tələblərinin nüvə danışıqlarını pozaraq, Yaxın Şərqdə yeni bir münaqişəyə səbəb ola biləcəyini vurğulayıb.

O bildirib ki, əgər Vaşinqton "bütün məsələlərin eyni anda həllinə" israr edərsə, xüsusilə də Tehranı raket proqramını inkişaf etdirməkdən və Yaxın Şərqdəki müttəfiqlərini dəstəkləməkdən imtina etməyə məcbur edərsə, hətta nüvə proqramı ilə bağlı hər hansı bir qərar irəliləyiş əldə etməyəcək, nəticə olaraq bölgədə yenə də müharibə başlaya bilər.