Naxçıvanda Sanitar-Təmizlik İdarəsinin əməkdaşları etiraz aksiyası keçirib

Aprelin 1-də Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsinin əməkdaşları əmək haqqının azaldılmasına etiraz olaraq aksiya keçirib.

Bu barədə Turan agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, aksiya iştirakçıları Naxçıvan Ali Məclisinin binasının önünə toplaşıb. Onlar aylıq maaşlarının azaldıldığını bildirib.

"Maaşımız əvvəl 674 manat idi, azaldıb 629 manat ediblər. Sonra isə heç bir əsas göstərilmədən 560 manata endiriblər. Bu vəziyyət artıq 4 aydır davam edir. Buna etiraz olaraq biz bu gün işə çıxmaqdan imtina etmişik", etirazçılardan biri deyib.

İşçilər qeyd edib ki, iş üçün maddi-texniki baza yoxdur.

"Adi süpurgə belə verilmir, maşınlar üçün benzin verilmir".

Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsinin rəisi Arzu Qurbanov isə etirazçıların dediklərini təkzib edib. O bildirib ki, əvvəl işçilərin qohumlarının adına da qeyri-qanuni maaş kartları açılıb.

“Avqust ayından etibarən bu qanunsuzluğa son qoyulub. Bu kartlar akt əsasında ləğv olunub. Bu ilin fevral ayına qədər işçilərə əmək haqqından əlavə maddi yardım da verilirdi. Fevraldan etibarən bu dayandırılıb".

O əlavə edib ki, əmək haqqları ilə bağlı məsələ öz həllini tapacaq.