KİV: ABŞ İsraildən Ukraynaya 300 min artileriya mərmisi daşımaqdadır

“Vaşinqton İsraildəki anbarlardan Ukraynaya 155 mm-lik mərmilər daşıyır.”

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın “The New York Times” qəzeti yazı dərc edib.

Qəzet yazıb ki, Birləşmiş Ştatlar ötən il Təl-Əvivlə, Amerikanın İsraildəki anbarlarından Ukraynaya 155 mm-lik artilleriya sursatının tədarükü barədə razılığa gəlib.

Qəzet ABŞ və İsrail rəsmilərinə istinadən yazıb ki, sövdələşmə Ukraynaya 300 min artilleriya mərmisinin təhvil verilməsini ehtiva edir, onların yarısı artıq Avropaya göndərilib və Polşa vasitəsilə Ukraynaya çatdırılması gözlənilir.

“The New York Times” qeyd edib ki, İsrail ordusu da ABŞ Mərkəzi Komandanlığının nəzarətində olan bu silah anbarlarına dəfələrlə daxil ola bilib.

Qəzet keçmiş İsrail hökumətinin Rusiyanın mümkün mənfi reaksiyasından qorxaraq ilkin olaraq bu sursatların Amerika anbarlarından daşınmasına qarşı çıxdığına diqqət çəkib. Lakin ABŞ-ın müdafiə naziri Lloyd Ostinin rəsmi tələbindən sonra İsrailin keçmiş baş naziri Yair Lapid buna razılıq verib.