Araşdırma: Yerin daxili nüvəsi əks istiqamətdə fırlanır

Tədqiqatçılar Yerin daxili nüvəsinin Yerlə eyni istiqamətdə fırlanmasını dayandırdığını və hətta əks istiqamətdə fırlanmağa başladığını irəli sürdülər. Bazar ertəsi Nature Geoscience jurnalında dərc edilən araşdırmaya görə, Pluton ölçüsündə isti dəmir topa bənzəyən Yerin daxili nüvəsi artıq planetlə eyni istiqamətdə deyil, hətta əks istiqamətdə fırlana bildiyini yazıb. Səthdən təxminən 5000 km aşağıda yerləşən "planet daxilindəki planet" maye metal xarici nüvənin içərisində üzdüyü üçün müstəqil olaraq fırlana bilir.

Daxili nüvənin fırlanması alimlər arasında mübahisə mövzusu olduğundan, son araşdırmaların elm aləmində mübahisə yaradacağı gözlənilir. Çünki daxili nüvə haqqında bilinənlər kifayət qədər məhduddur. “Nature Geoscience” jurnalında dərc olunan tədqiqat daxili nüvənin hərəkətlərini izləmək üçün son altmış il ərzində baş verən zəlzələlərin seysmik dalğalarını təhlil edib. Tədqiqatın müəllifləri, Pekin Universitetindən Xiaodong Song və Yi Yang, daxili nüvənin fırlanmasının "demək olar ki, 2009-cu ildə dayandığını, sonra isə əks istiqamətə çevrildiyini" tapdıqlarını bildirdilər.

"Biz inanırıq ki, daxili nüvə Yer səthinə nisbətən "yelləncək" kimi irəli-geri fırlanır. Yelləncəyin bir dövrü təxminən 70 ildir və orta hesabla hər 35 ildən bir istiqamət dəyişir" - tədqiqatçılar AFP-yə bildiriblər. Çin alimləri daxili nüvənin 1970-ci illərin əvvəllərində istiqamət dəyişdiyini və növbəti dəyişikliyin 2040-cı illərin ortalarında baş verəcəyini proqnozlaşdırdıqlarını qeyd etdilər. Tədqiqatçılar bildirdilər ki, sözügedən fırlanma təxminən Yerin öz oxu ətrafında fırlanması üçün lazım olan vaxtda kiçik dəyişikliklərə uyğundur və buna “gün uzunluğu” deyilir.

İndiyə qədər, daxili nüvənin səth sakinlərinə hər hansı bir təsiri olduğuna dair çox az dəlil tapılıb. Bununla belə, tədqiqatçılar qeyd edirlər ki, onlar Yerin daxili nüvəsindən səthə qədər bütün təbəqələri arasında fiziki əlaqələrin olduğuna inanırlar. "Ümid edirik ki, bizim işimiz bəzi tədqiqatçıları bütün Yer kürəsini inteqrasiya olunmuş dinamik sistem kimi qəbul edən modellər qurmağa və sınaqdan keçirməyə təşviq edəcək."

Bəzi ekspertlər isə tapıntılara qarşı ehtiyatlı olduqlarını ifadə, fərqli nəzəriyyələrə işarə edərək, Yerin mərkəzi ilə bağlı bir çox sirlərin davam etdiyi barədə xəbərdarlıq ediblər. Kaliforniya Universitetinin seysmoloqu Con Vidale "Bu, çoxlu məlumatlardan istifadə edən alimlər tərəfindən çox diqqətli bir araşdırmadır. Amma məncə, modellərdən heç biri bütün məlumatları çox yaxşı izah etmir" - qiymətləndirməsini edib.