Əvəz Zeynallının məhkəməsində ittiham aktı elan edilib

Aprelin 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallı və “Səda TV” adlı Youtube kanalının idarəedicisi Elnur Şükürovun cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib. 

Məhkəmə iclasına hakim Əli Məmmədov sədrlik edir. Məhkəmə iclası başlanan kimi hakim bildirib ki, ötən məhkəmə iclasında prosesin normal gedişinə mane olunduğuna görə məhkəmə iclası təxirə salınıb.  O, xəbərdarlıq edib ki, məhkəmə baxışına mane olan şəxs zaldan çıxarılacaq. Əvəz Zeynallının xanımı Məlahət Zeynallı məhkmə iclasının vaxtında başlamamasına irad bildirib. Hakim Məlahət Zeynallının zaldan çıxarılmasına göstəriş verib. Əvəz Zeynallı ailə üzvlərinin zaldan çıxarılacağı təqdirdə məhkəməyə etiraz edəcəyini deyib. Məlahət Zeynallı zaldan çıxarılıb, prosesdə fasilə elan olunub. Fasilədən sonra Əvəz Zeynallı hakimdən həyat yoldaşının zala buraxılmasını istəyib: “Həyat yoldaşım zala buraxılmasa məhkəmə olmayacaq. Buraxın içəri, məhkəmə normal keçirilsin”. Hakim təqsirləndirilən şəxsi intizama dəvət edib. Daha sonra Məlahət Zeynallı zala qayıdıb və ona xəbərdarlıq edilib.  Bundan sonra dövlət ittihamçısı ittiham aktının davamını elan edib.  
 
İttiham aktında qeyd edilib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (köhnə adı “Azəryolservis” ASC) tərəfindən 2010-2015-ci illər ərzində həyata keçirilən “Kürdəmir-Ucar-Yevlax avtomobil yolunun tikintisi” layihəsi ilə əlaqədar Nağı İsmayılov ona məxsus əmlakın Yevlax rayonunun Aşağı Qarxun kəndinin inzibati ərazisində yolun tikinti sahəsinə düşən hissəsinə görə hesablanmış 3500 manat məbləğində kompensasiya ilə razılaşmayıb və kompensasiyanı almaqdan imtina edib. Nağı İsmayılovun məhkəmə iddiaları təmin olunmadıqdan sonra o, Xural TV-də çıxış etmək üçün Əvəz Zeynallıya müraciət edib. Onun çıxışı yayımlandıqdan sonra Avtomobil Yolları Dövlət Agentliyinin Hüquqi Təminat və İnsan Resursları İdarəsinin rəisi Şahbaz Qasımov onu agentliyin inzibati binasında xidməti otağında Əvəz Zeynallı ilə görüşüb. Həmin görüş zamanı o, Şahbaz Qasımova bildirib ki, 8.000 manat məbləğində pul verilsə, gələcəkdə bir daha Avtomobil Yolları Dövlət Agentliyi ilə bağlı şikayətləri yayımlamayacaq. 25 iyun 2021-ci ildə saat 17 radələrində  Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsinin inzibati binasında yerləşən xidməti otağında Şahbaz Qasımov Əvəz Zeynallıya 8.000 manat verib.  
Daha bir ittihama görə, Əvəz Zeynallının dostluq münasibətində olduğu Elnur Şükürov 2022-ci ilin yanvarında ona bildirib ki, Sumqayıtda yaşayan tanışı Nəzakət Cəfərova evin arxa tərəfində olan boş torpaq sahəsini özəlləşdirmək istəyir. Elnur Şükürov Əvəz Zeynallıdan bu məsələdə qadına kömək etməsini xahiş edib. Buna görə qadından tanışı Teymur Rəhimovun vasitəçiliyi ilə 7000 manat, daha sonra 4 min manat da əlavə pul alınıb. Daha sonra isə Sumqayıt şəhər icra hakimiyyətinin vəzifəli şəxsləri ilə danışaraq sənədin hazırlanıb qadına verilməsini xahiş ediblər. Qısa müddətdən sonra torpaq sahəsinə aid sənədlər qurum tərəfindən Nəzakət Cəfərovaya verilib.  
Bundan başqa, Elnur Şükürov Əvəz Zeynallıya 2022-ci il fevralın əvvəllərində dostu Ruslan Vəliyevin Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində yerləşən evinin qarşısında iaşə obyekti-mağaza tikmək üçün Sabunçu rayon icra hakimiyyətindən icazənin alınmasında köməklik göstərməsi ilə bağlı xahişini çatdırıb. Əvəz Zeynallı bu işi alındırmaq üçün 7.000 manat məbləğində pul vəsaitinin verilməli olduğunu deyib. Elnur Şükürov 2022-ci ilin fevral ayının ortalarında Ruslan Vəliyevlə əlaqə saxlayıb. Mağaza tikmək üçün Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyətinin başçısı Adil Vəliyevdən razılıq alındığını, bunun üçün vəzifəli şəxslərə 7.000 manat məbləğində pul vəsaitinin verilməli olduğunu bildirib. Ruslan Vəliyev razılaşıb. Fevralın sonunda həmin məvləği Elnur Şükürova verib.  

 

Toplum TV
 
Əvəz Zeynallıya qarşı daha bir neçə oxşar ittiham da verilib. Ən çox səs-küyə səbəb olmuş ittihamsa “Baku Stee Company”-nin keçmiş sahibi, hazırda həbsdə olan Rasim Məmmədovdan aldığı iddia olunan pulla bağlıdır. İttihama görə, Əvəz Zeynallı Rasim Məmmədovun vəkili Elçin Sadıqovun vasitəsiylə ondan əleyhinə danışmamaq üçün 20 min manat istəyib. Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədova həmin məbləği vəkilə, vəkilsə Əvəz Zeynallıya çatdırıb.  
 
Dövlət ittihamçısı ittiham aktını elan etdikdən sonra hakim təqsirləndirilən şəxslərdən ittihamın mahiyyətinin onlara aydın olub-olmadığını, özlərini elan olunan ittihamla təqsirli bilib-bilmədiklərini soruşub.  Əvəz Zeynallı ittihamı qurama adlandırıb: ”11 cildlik, saxta, sifarişlə toplanan sənədlərdir, hamısı yalandır, özümü təqsirli bilmirəm, Elçin Sadıqov da gələr, onunla burada danışacağam”.

Digər təqsirləndirilən Elnur Şükürov da özünü təqsirli bilmədiyini deyib. 

Məhkəmə prosesi iyunun 9-da davam edəcək. 
Ötən ilin sentyabrından həbsdə olan Əvəz Zeynallı və Elnur Şükürov külli miqdarda rüşvət almaqda, dələduzluqda, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməkdə və başqa əməllərdə ittiham olunurlar. Lakin heç biri özünü təqsirli bilmir.