Türkiyə İsrailin təhlükəsizlik nazirinin əl-Əqsa məscidinə girməsini pisləyib

 Türkiyə İsrailin daxili təhlükəsizlik naziri İtmar ben Qvirin əl-Əqsa məscidinə girməsini pisləyib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, çərşənbə axşamı İsrailin daxili təhlükəsizlik naziri İtmar bin Qvir Əl-Əqsa məscidinə basqın edib. Nazirlik İtmar ben Qvirin İsrail polisinin himayəsi altında Məscidül-Əqsaya basqın etməsi və təxribatçı davranışından "dərin kədərləndiyini" bildirib.

Bayanat, Qüdsdəki dini məkanların statusunu və müqəddəsliyini pozan və bölgədə daha da gərginliyə səbəb ola biləcək bu cür təxribatların qarşısını almaq üçün İsraili məsuliyyətli davranmağa çağırıb.

Qeyd edək ki, Benyamin Netanyahunun formalaşdırdığı hökumətdə daxili təhlükəsizlik naziri postuna yiyələnmiş İtmar ben Qvir polis və hərbi qüvvələrin müşayiəti ilə ötən gün səhər Qüdsdə əl-Əqsa məscidi kompleksinə basqın edib.

Bundan öncə İsrailin prezidenti və sair yüksək rəsmilər ultra-sağçı “Otzma Yehudit” (Yəhudi Əzəməti) partiyasının liderinin bu mümkün addımı barədə xəbərdarlıq etmişdilər.

Xatırladaq ki, İsrailin sabiq baş naziri Ariel Şaronun oxşar addımı 2000-ci illərin əvvəlində fələstinlilərin ikinci İntifada Hərəkatını alovlandırmışdı.