“Qədir-Xum” - dinin kamillik və nemətin sabitlik möhürü! 4-cü, sonuncu hissə

Əgər o dövrdə Allah Rəsulunun (s) göstərişinə əməl olunsaydı, tarixin sonrakı gedişi nə qədər fərqli ola bilərdi?

- Müsbətə doğru bir çox dəyişikliklərin şahidi ola bilərdik, o cümlədən:

1. Siyasi parçalanma və vətəndaş müharibələri yaşanmazdı;
Əgər müsəlmanlar Qədir-Xumdakı göstərişə əməl edib, İmam Əlini (ə) birbaşa Peyğəmbərin (s) canişini kimi qəbul etsəydilər, xilafət uğrunda çəkişmələr (Saqifə hadisəsi, Fitnə dövrləri və s.) baş verməzdi. Bununla İslam ümmətində Əbu Bəkr, Ömər, Osman dövrlərindəki mübahisələr yaşanmazdı. İmam Əli (ə) dövründəki Cəməl, Siffeyn və Nəhrəvan döyüşləri, vətəndaş müharibələri baş verməzdi...

2. Əhli-Beyt (ə) zülm və təzyiqlərə məruz qalmazdı;
Əgər İmam Əli (ə) dərhal rəhbər olsaydı, Fatimə-Zəhranın (s.ə) evinə hücum olmazdı. Müsibətli Kərbəla hadisə və İmam Hüseynin (ə) məzlumcasına şəhadəti baş verməzdi. Əhli-Beytə qarşı Bəni Üməyyə və Bəni Abbas dövrlərində aparılan repressiyalar yaşanmazdı...

3. İslamın mənəvi və maarif yönü daha dərindən inkişaf edərdi;
İmam Əli (ə) və ondan sonrakı imamlar yalnız siyasi lider deyil, həm də ilahi elmin daşıyıcıları idilər. Əgər Peyğəmbərdən dərhal sonra bu rəhbərlik davam etsəydi, Qurani-Kərimin və Peyğəmbərin (s) həqiqi təfsiri və təlimi daha geniş yayılardı. İslamın ruhani və əxlaqi dəyərləri siyasətdən məqsədli şəkildə uzaqlaşmazdı. İslam ümmətində sonralar yaranan azdırıcı firqələr (xəvaricilər - dindən çıxmışlar, bidət əhli və s.) yayılmaz və ya daha az yayılardı.

4. İslam ümməti parçalanmaz, bir olardı.
Peyğəmbərin (s) təyin etdiyi imamət sistemi ilahi vəhdət əsasında qurulmuşdu. Əgər bu model qəbul olunsaydı, İslam firqələrə bölünməzdi. Ümmət daha uzun müddət mərkəzləşmiş və sabit rəhbərlik altında qalardı...

Nəticə olaraq deyə bilərəm ki, Qədir-Xumda Peyğəmbərin (s) buyruğuna əməl olunsaydı, İslam tarixində siyasi parçalanmalar yaşanmazdı, Əhli-Beytə qarşı haqsızlıqlar baş verməzdi, imamət, elm və mənəviyyat ətrafında mərkəzləşmiş rəhbərlik formalaşardı, İslam sivilizasiyası daha sabit və ədalətli əsaslar üzərində inkişaf edərdi.

Son olaraq nə deyə bilərsiniz?

- Sonda bir daha sizin və bütün müsəlmanların Qədir-Xum bayramını təbrik edir, uca Allahdan İslam ümmətinə birlik, qardaşlıq, səmimiyyət, mehribanlıq, firavan həyat və müsəlmanların İslam düşmənləri üzərində tezliklə qələbə çalmasını istəyirəm. Qoy bu bayram məzlumların zalımlar üzərində hökmranlığına səbəb olsun.