Özbəkistanda konstitusiya dəyişiklikləri: Mirziyayev daha 17 il hakimiyyətdə qala biləcək

Özbəkistanda keçirilən referendumda seçicilərin 90,21%-i konstitusiya dəyişikliklərini dəstəkləyib.

Operativtv.com Toplum TV - yə istinadən xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayev məlumat yayıb.

Onun sözlərinə görə, aprelin 30-da keçirilən referendumda ilkin məlumatlara görə, ölkə vətəndaşlarının 90,21%-i Özbəkistanın yeni konstitusiyasına dair qanun layihəsini dəstəkləyib, seçicilərin cəmi 9,35 faizi isə layihənin əleyhinə səs verib.

"Səsvermədə 16 milyon 673 min 189 vətəndaş və ya səsvermə siyahısına daxil edilmiş seçicilərin 84,54 faizi iştirak edib", - Nizamxocayev deyib. 

Onun sözlərinə görə, 32,2 milyon əhalisi olan ölkənin 19,7 milyondan çox vətəndaşı referendumda iştirak edə bilər.

Ölkə vətəndaşları seçkilərdə yeganə suala cavab verməli idilər: “Siz “Özbəkistan Respublikasının Konstitusiyası haqqında” Konstitusiya Qanununu qəbul edirsinizmi”.

"Ümumilikdə, bütün seçki məntəqələrinin 0,01 faizində qanun pozuntuları aşkar edilib", - Nizamxocayev əlavə edib.

Özbəkistan Ali Məclisinin (parlament) qanunvericilik (aşağı) palatası  və Senat (parlamentin yuxarı palatası) tərəfindən təsdiq edilən Özbəkistan Konstitusiyasının yeni redaksiyasında maddələrin sayı 128-dən 155-ə, konstitusiya normaları 275-dən 434-ə qədər yüksəlib. Ümumilikdə ölkə konstitusiyası 65% yenilənəcək. Dəyişikliklər arasında senatorların sayının 100-dən 65-ə endirilməsi, ölüm hökmünün qadağan edilməsi, vətəndaşın xarici dövlətə ekstradisiyasının qadağan edilməsi və ən əsası Özbəkistan prezidentinin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər uzadılması haqqında bənd var.

Yeni dəyişikliklərin qüvvəyə minməsi ilə prezident Şavkat Mirziyayevin indiyə qədərki prezidentlik müddəti sıfırlanacaq, bu isə ona daha iki dəfə prezident vəzifəsinə seçilmək və 2040-cı ilədək hakimiyyətdə qalmaq hüququ verəcək. Bundan əlavə, konstitusiyaya edilən yeni dəyişikliklərə əsasən, prezidentin səlahiyyətləri artırılıb. 

Hazırkı konstitusiya 1992-ci ildə qəbul edilib, o vaxtdan bəri ölkənin əsas qanununa 15 dəfə dəyişiklik edilib.