“O, yalan söyləyir, mənim cibimə narkotiki qoyan elə o polis özü idi”

Mayın 19-da MBH üzvü Mirtofiq Hüseynovun növbəti məhkəmə iclası baş tutub. İclasa şahid qismində iki polis işçisi dəvət olunub. Dindirilən polis işçilərindən biri iddia edib ki, onlar iki nəfərlə əməliyyat keçirib və Mirtofiq Hüseynovu həbs ediblər. Onun sözlərinə etiraz edən Mirtofiq polis işçisinin yalan danışdığını söyləyib: “Bu şəxs yalan danışır. Məni saxlayanlar 4 nəfər idi və bu iki polis işçisi onların arasında deyildi. Bu polisi idarədə gördüm. Mənim cibimə narkotiki qoyub sonradan elə çıxaran da bu polis işçisinin özü idi.”
Bundan sonra çıxış edən vəkil Zibeydə Sadıqova ümumiyyətlə zərərçəkmişi həbs edən polisin məhkəmədə şahid kimi iştirak etməsini qanuni hesab etmədiyini söyləyib. O, eyni halda polislərin yalan ifadə verdiyini söyləsə də, hakim etirazları qəbul etməyib. Sübut olaraq vəkil polislərin yazılı ifadələri ilə danışıqları arasında böyük ziddiyyətlərin olduğunu bildirsə də, lakin hakim vəkilin etirazlarına əhəmiyyət vermədən polislərin izahatını işə daxil edib.
Məhkəmə növbəti tarixə qədər təxirə düşüb.
Xatırladaq ki, dekabrın 6-da Mirtofiq Hüseynov naməlum mülki geyimli şəxslər tərəfindən saxlanılıb. O, Bakıda "20 Yanvar" dairəsi yaxınlığında avtobus dayanacağından aparılıb. Bir neçə gün sonra məhkəmə önünə çıxarılan inanclı barəsində 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik maddə əldə etmə, saxlama)maddə ilə cinayət işi açılıb. İnanclı, seyyid ailəsindən olan Mirtofiqin saxlanılması ölkədə yüzlərcə inanclının saxlanılması çərçivəsində gerçəkləşən həbs dalğasıdır.