Səudiyyə Ərəbistanı: Ər-Riyadın maliyyə mərkəzindəki göydələnə husilərin hücumunda 11 nəfər yaralanıb

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadın maliyyə rayonundakı qüllələrdən biri hücuma məruz qalıb, 11 nəfər yaralanıb. Səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsinin “X” sosial şəbəkəsindəki açıqlamasına görə, hücumu Yəmənin “Ənsarullah” hərəkatı, yəni husilər həyata keçirib.

İdarənin məlumatına görə, yaralananlardan ikisi Səudiyyə Ərəbistanı vətəndaşı, doqquzu xarici vətəndaşdır: dörd misirli, üç nepallı və iki hindistanlı. Yaralıların vəziyyəti barədə məlumat verilməyib.

Səudiyyə rəsmiləri husiləri “terror qruplaşması”, hücumu isə “terror aktı” adlandırır. Yəməndə husilərə qarşı vuruşan Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya da daha əvvəl maliyyə rayonundakı göydələnin hədəfə alındığını bildirmişdi.

Hücum ABŞ ilə İran arasında gərginliyin kəskinləşdiyi və İsrail rəsmilərinin İrana birgə hücum planlarından danışdığı bir vaxta düşüb. İranın dəstəklədiyi husilər son illərdə Səudiyyə Ərəbistanının neft obyektlərinə və şəhərlərinə dəfələrlə raket və dron atıblar.