Qəzzada 1,76 milyon fələstinli soyuq hava şəraitindən təhdid altındadır

Qəzza hökuməti bildirib ki, yaxın günlərdə bölgəyə yağacaq güclü yağış və soyuq hava çadırlarda yaşayan 1,76 milyon məcburi köçkün fələstinlinin həyatını təhdid edir.

Qəzza hökumətinin Media Ofisinin baş direktoru İsmayıl əl-Səvabitə bidirib ki, Qəzza zolağı yeni humanitar fəlakətlə üzləşir.

Səvabitə vurğulayıb ki, yaxın günlərdə bölgəyə təsir etməsi gözlənilən güclü yağış və soyuq hava çadırlarda yaşayan 1,76 milyon məcburi köçkün fələstinlinin həyatını təhdid edir.

Beynəlxalq ictimaiyyətin bu məsələ ilə bağlı susqunluğunu tənqid edən Səvabitə atəşkəsə baxmayaraq davam edən İsrail ordusunun Qəzza zolağına hücumlarına son qoyulmasını tələb edib.

Bu arada, Qəzza zolağı Mülki Müdafiə İdarəsinin sözçüsü Mahmud Basal xəbərdarlıq edib ki, yaxın günlərdə gözlənilən güclü yağışlar, güclü küləklər və qəfil temperatur düşmələri bölgədə ciddi humanitar fəlakətə səbəb ola bilər.

Basal minlərlə fələstinli ailənin çadırlarının su altında qalması səbəbindən boğulma riski ilə üzləşdiyini və Qəzza zolağında bir çox insanın İsrail hücumlarından dəyən ziyana görə binaların uçma riski ilə üzləşdiyini qeyd etdi.

O, soyuq hava və qeyri-kafi istilik səbəbindən uşaqların həyati təhlükəsi olan vəziyyətlərlə üzləşdiyini vurğuladı və xüsusilə uşaqlar, xəstələr və yaşlılar arasında daha çox həyat itkisinin qarşısını almaq üçün təcili bir həll yoluna ehtiyac olduğunu vurğuladı.

Qəzzada 70.000 çadır su altında qaldı.

6 noyabrda Qəzza zolağında baş verən şiddətli yağışlar və güclü küləklər, İsrail hücumlarında evləri və infrastrukturu dağıdılmış və təhlükəsiz sığınacaqları olmayan minlərlə fələstinlinin yaşadığı çadırlarda vəziyyəti daha da pisləşdirdi.

Qəzza hökuməti, yuxarıda qeyd olunan yağışlar zamanı on minlərlə məcburi köçkünün yerləşdiyi 70.000 çadırın su altında qaldığını açıqladı.

Birləşmiş Millətlər Təşkilatının Humanitar İşlər üzrə Koordinasiya Ofisi (OCHA) tərəfindən 2026-cı ilin oktyabr ayının ortalarında dərc edilmiş hesabatda bildirilir ki, təxminən 950.000 fələstinli orta və yüksək daşqın riski altında olan köçkün ərazilərdə, 400.000-dən çoxu isə yüksək riskli ərazilərdə yaşayır.

2025-ci ilin oktyabrında atəşkəs müqaviləsinin qüvvəyə minməsindən bir ildən çox vaxt keçməsinə baxmayaraq, İsrailin Qəzzaya müvəqqəti sığınacaq materiallarının və zədələnmiş evlərin təmiri üçün zəruri olan materialların girişinə qoyulan məhdudiyyətlərə görə sığınacaq və yenidənqurma ehtiyaclarının mövcud yardımı üstələdiyi bildirilir.

2023-cü ilin oktyabr ayından bəri ABŞ-ın dəstəyi ilə İsrailin Qəzza zolağına hücumlarında 74.000-dən çox fələstinli həlak olub, 176.000-dən çoxu yaralanıb.

Mülki infrastrukturun təxminən 90 faizinin dağıdıldığı və ya zədələndiyi bildirilir.