İsrailin şirkəti Azərbaycanda silah zavodu açdığını bildirib

İsrailin “Ari Arms” şirkəti Azərbaycanda silah zavodu açdığını bildirib.

Şirkət bu barədə oktyabrın 8-də “Linkedin” hesabında xəbər verib. Açıqlamada deyilir ki, Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə şərikli idarə olunacaq zavodda “AR-15” silahları istehsal olunacaq və zavod ölkədə Qərb standartlarına uyğun silah istehsalının əsasını qoyacaq.

Şirkət sentyabrın 30-da Bakıda baş tutan “ADEX 2026” sərgisində sözügedən zavodda istehsal olunan ilk silahın prezident İlham Əliyevə təqdim olunduğunu bildirib. Prezidentin rəsmi saytında isə onun həmin sərgidə iştirak etdiyi və bir neçə İsrail şirkətinin stendləri ilə tanış olduğu qeyd olunsa da, “Ari Arms” şirkətinin adına rast gəlinmir.

“Ari Arms” “Linkedin” paylaşımında ətraflı məlumat üçün İsrailin “Globes” nəşrinə istinad edib. Nəşrin oktyabrın 8-də dərc etdiyi məqalədə Əliyevin şəxsən zavodun açılışında iştirak etdiyi qeyd olunub. Lakin bir gün sonra məqalə saytdan silinib.

Müdafiə Sənayesi Nazirliyi yeni zavodla bağlı açıqlama yaymayıb. Nazirlikdən “Toplum TV”nin sorğusuna da yazı yayımlanana qədər cavab verilməyib.