Vaşinqton Ukraynaya "yox" dedi

Birləşmiş Ştatlar BMT-də Kiyev və Qərb ölkələrinin Rusiyaya qarşı qəbul etdiyi birgə bəyanata dəstək verməyib.

Bu barədə məlumat Ukraynanın BMT yanındakı daimi nümayəndəsi Andrey Melnik tərəfindən oxunan bəyanatda yer alıb və AFP agentliyi tərəfindən yayılıb.

Sözügedən sənədə Yaponiya, Cənubi Koreya, Macarıstan və Slovakiya da daxil olmaqla, 50-yə yaxın ölkə qoşulub. Avropa İttifaqı da bir təşkilat olaraq sənədi bütövlüklə dəstəkləyib.

Ukrayna daimi nümayəndəsi Andrey Melnik bəyanatı səsləndirərkən bildirib: "Biz tam, təcili və qeyd-şərtsiz atəşkəsə çağırırıq və konkret humanitar tədbirlərə təcili ehtiyac olduğunu vurğulayırıq".

Xatırladaq ki, Rusiya mayın 24-nə keçən gecə Ukrayna ərazisinə 90 raket və 600 pilotsuz uçuş aparatı (PUA) ilə hücum təşkil edib.

Hücumun əsas hədəfləri Kiyev şəhəri və Kiyev vilayətinin Belaya Serkov şəhəri olub. Rusiya Belaya Serkovdakı obyektə zərbə endirmək üçün "Oreşnik" orta mənzilli ballistik raketindən istifadə edib ki, bu da müharibə başlayandan bəri sözügedən raketin üçüncü dəfə tətbiq edilməsidir.

Rusiya ordusunun Kiyevə hücumu nəticəsində 3-ü azyaşlı olmaqla 87 nəfər yaralanıb, daha 2 nəfər isə həyatını itirib.

Rusiyanın bu kütləvi zərbələri Avropa və ABŞ-də kəskin reaksiyaya səbəb olub və BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılması ilə nəticələnib.