Mayk Tayson: İslam məni xilas etdi

Dünya boks tarixinin ən əfsanəvi simalarından biri olan Mayk Tayson, keçdiyi mənəvi transformasiyanı və həyatında İslamın oynadığı həlledici rolu açıqlayıb.

Keçmiş çempion həbs dövrünün onun üçün sadəcə bir cəza deyil, həm də “saxta mənliyin” məhvi və ruhunun təmizlənməsi üçün bir başlanğıc olduğunu vurğulayıb.

Həbsdən əvvəlki dəbdəbəli və xaotik həyat tərzinə işarə edən Tayson, o dövrdə hər hansı bir dini təlimi qəbul etməyin onun üçün qeyri-mümkün olduğunu etiraf edir. Lakin azadlığın məhdudlaşdırılması, ona daxili dünyasına baxmaq üçün fürsət yaradıb.

İdman dünyasının ulduzu öz mənəvi dönüşünü və tənhalıqla mübarizəsini belə təsvir edir:

“Qürurum sındıqda və həbsxanaya düşdükdə, ruhum təmizlənməyə başladı və güclü bir təklik hissi məni bürüdü. Məni bu vəziyyətdən yalnız İslam xilas etdi. Bütün namazlarımı vaxtında qılırdım və hər namazla tənhalığın vücudumdan uçub getdiyini hiss edirdim. Bəzən öz-özümə deyirəm ki, həbsxana əzab və cəzadır, amma buna dəyərdi, çünki indi İslam mənimlədir. Əgər İslamla birlikdə həbsxana və ya onsuz rifah arasında seçim etməli olsaydım, düşünmədən həbsxananı seçərdim.”

 

“Müsəlman olmaq mələk olmaq deyil, yaxşı insan olmağa çalışmaqdır”

Tayson Amerika cəmiyyətinə müraciət edərək, İslamın mahiyyəti ilə bağlı yanlış anlaşılmalara da aydınlıq gətirib. O vurğulayır ki, müsəlman olmaq insanın dərhal məsum və ya mələkə çevrilməsi demək deyil:

“Bu, daha yaxşı insan olmaq üçün göstərilən davamlı bir cəhddir. Əgər bir səhv edirəmsə, bu, İslamın təlimlərindəki nöqsan deyil, mənim öz insani zəifliklərimdir. İslamın əsas hədəfi məhz bu insani nöqsanları təmizləməkdir.”

Xatırladaq ki, 1992-ci ildə təqsirli bilinərək 6 il həbs cəzası alan Mayk Tayson, İndiana islah müəssisəsində 3 il cəza çəkdikdən sonra 1995-ci ildə yaxşı davranışına görə azadlığa buraxılıb. Məhz bu dövr Taysonun həyatında dönüş nöqtəsi olub; o, İslam dinini qəbul edib və özünə “Malik Əbdüləziz” adını seçib.