Ukrayna Ufaya dronlarla hücum edib, neft emalı zavodunda yanğın olub

Ukrayna Başqırdıstan Respublikasının paytaxtı Ufaya dronlarla hücum edib. PUA hücumu nəticəsində neft emalı zavodunda yanğın baş verib. Daha bir PUA-nın hündürmərtəbəli binaya çırpıldığı bildirilib.

Başqırdıstan rəhbəri Radi Xabirov Ufadakı neft emalı zavoduna dron hücumu barədə məlumatı təsdiqləyib.

"Neft emalı zavodlarına yaxınlaşan bir neçə dron vurulub, PUA-lardan birinin qalıqları sənaye zonasına düşüb. Xəsarət alan olmayıb. Yanğınsöndürənlər hazırda neft emalı zavodundakı yanğını söndürürlər. Başqa bir dron Qafuri küçəsindəki yaşayış binasına dəyib", - o, Telegram kanalında yazıb.

Yerli KİV Ukrayna dronlarının hədəfinin Başneft-Novoil neft emalı zavodu olduğunu yazıb.

Rusiya Müdafiə Nazirliyi ötən gecə ərzində Rusiya regionları üzərində 147 dronun vurulduğunu bildirib.