Əsgər Hüseyn Hüseynovun ölümü ilə bağlı komandiri həbs olunub

Dövlət Sərhəd Xidmətinin (DSX) Biləsuvar rayonunda yerləşən hərbi hissəsinin əsgəri Hüseyn Hüseynovun ölümü ilə bağlı komandirin həbs olunduğu bildirilir.
Bu barədə Şirvan Apellyasiya Məhkəməsində Hərbi Prokurorluğun təqdimatı əsasında qərar çıxarılıb.
Qərara əsasən, kapitan Mahmud Səfaralıyev barəsində həbs qətimkan tədbiri seçilib.
O, tabelikdə olan hərbi qulluqçulara qarşı zorakı hərəkətlər etməkdə təqsirləndirilir.
Bundan öncə Cəlilabad Hərbi Məhkəməsi həbs qətimkan tədbirinin seçilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual əsaslar müəyyən edilmədiyini əsas gətirərək komandiri sərbəst buraxmışdı.
Əsgər Hüseyn Hüseynovun komandiri tərəfindən təhqir və zorakılığa məruz qaldığı üçün noyabrın 15-də intihar etdiyi iddia olunur. Səfaralıyevin başqa əsgərlərə qarşı da qanunsuzluqlara yol verdiyi üçün vəzifəsindən azad edildiyi bildirilir.