Hakimə qarşı çıxmaq haramdırmı?

Belə səhnələri müşahidə edəndə bir daha əmin olursan ki, ölkədə dini hakimiyyət-müctəhidlik əleyhinə təbliğatın aparılması bu xalqın köləlik vəziyyətində saxlamaq planının ssenariləşdirilmiş tərkib hissəsidir.
Yəqin sosial media üzərindən hər kəs bu günlərdə hansısa reabilitasiya müəssisələrinin birində çıxış edən şəxsin haramlarla dolu “fətvalarını” izləmiş olub. Şəxs çox böyük maraq və emosianallıq göstərərək aksiyalara çıxmağın, mitinqə qoşulmağın “haram” olduğunu bildirməyə çalışıb. Əlavə olaraq o, bunun böyük günahlığını söyləyərək dünyada etirazlar və çevrilişlərin gətirdiyi məhrumiyyətləri söyləyib.
Məsələ onun arqument gətirdiyi və ya bu gün dünyanın ən inkişaf etmiş ölkələrinin məhz inqilablarla uğura nail olub-olmamasında deyil. Bu mövzu hətta məktəbli uşağa belə gün kimi aydındır ki, bu şəxslər hakimiyyətə yarımaq üçün belə alçaldıcı çıxışlarla özlərini gülünc vəziyyətinə qoyaraq məntiqsiz dəlillər göstərməyə çalışırlar.
Məsələ şəxsin bu əməlin “günahlığı”, din baxımdan “qadağalı” olmasına israrıdır ki, bu və bu tip şəxslərin çıxışlarını müşahidə edəndə birmənalı anlamaq olur ki, artıq bir neçə ildir ölkədə fətva insititunun-müctəhidliyin əleyhinə aparılan əks təbliğat belə şəxslərə haram və halal hüquqları verməyə hesablanıb.
Cənabınızın diqqətinə bunu yetirmək məqbul olardı ki, Quranda adı keçən bir çox peyğəmbərlərin mübarizə səhnəsi məhz zamanın zalım hakimlərinə qarşı olub. Onlar öz dövrünün rəiyyəti olaraq xalqı zülm, haqsızlıq, dinsizlik və küfr, anti-insani rejimləri yıxmaq kimi bir missiya ilə çıxış edərək zamanın hakimlərinə-rejimlərinə qarşı mübarizə aparıblar.
Quranın öz dövründən min il əvvələ müraciət edən bu baxışını müqəddəs kitaba salmasını əsaslandırmaq birmənalı bu hökmün hər bir dövrlər üçün dəyişməz qanun toplusu olmasını söyləməyə əsas verir. İkinci məsələ Peyğəmbərin (s) nəvəsi İmam Hüseynin (ə) xilafəti qəsb etmiş Yəzidə-dövrün xəlifəsinə qarşı başladılmış və bu gün də davam edən mübarizəsi bu əməlin qadağasından deyil, israrından xəbər verdiyinə əyani nümunədir.
Məsələnin şəxsin “fətvası” əsasında “haram” olmasına gəlincə haram və halalın sərhədlərini müəyyən edən islamın mərcəiyyət insitutu da qeyd edilən məsələdə müttəfiq olaraq zalım hakimə qarşı əməl, dil, qəlblə mübarizəni vacib bilməsinin çoxsaylı fətvaları var ikən şəxsin belə gülünc hala enişi sadəcə dünya həyatının maddi rifahina satılan qururun acı təəssüratından başqa bir şey deyil.

P.S: Son dövrlər vəhhabilər də eyni fətvanı tez-tez gündəmə gətirir deyə ehtimal ki, çıxış edən şəxsin də baxışları vəhhabilərin eyni maliyyə mənbəsi ilə toqquşması ilə sərgilənmiş olub.