İstintaq Əvəz Zeynallının ailə üzvləri ilə telefon danışığını və görüşünü qadağan edib

Operativtv.com Turan-a istinadən xəbər verir ki, "Xural TV" internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallı ailəsi ilə göürüşünə və telefon danışıqlarına istintaq orqanı tərəfindən qadağa qoyulmasından narahatdır. Bu barədə Turan-a vəkil Fəxrəddin Mehdiyev jurnalistlə görüşündən sonra bildirib.

Vəkil qadağanın əsassız olduğunu qeyd edib, belə ki, qanun təqsirləndirilən şəxsin ailə üzvləri ilə həftədə iki dəfə telefon danışığına və ayda dörd dəfə görüşünə zəmanət verir.

Məhkəməyə istintaq orqanının tətbiq etdiyi bu qadağanın götürülməsi xahişi ilə verilən şikayət təmin edilməyib. Müdafiə tərəfi bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək niyyətindədir.

Mehdiyev həmçinin Zeynallı ilə bağlı hər hansı istintaq hərəkəti aparılmadığını bildirib.

* Vəkil Elçin Sadıqov və "Xural TV" saytının təsisçisi Əvəz Zeynallı sentyabrın 10-da rüşvət alma ittihamı ilə saxlaanılıb, senyabrın 11-də isə məhkəmə hər ikisi barəsində həbs qərarı çıxarıb.

Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi Sadıqovu ev dustaqlığına keçirib.

Sonradan Zeynallıya qarşı CM-in 312.1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərə – nüfuz alveri) maddəsi ilə yeni ittiham irəli sürülüb. Dekabrın 29-da Zeynallının həbs müddəti 3 ay uzadılıb.