Hakimiyyətin hədəfində olan növbəti İslam atributu

Zamanla İslam atributlarının hədəfə alınması sonunda “Şəhidlər” dəyərinə qədər ucalacağı təəssüf edicidir. Ölkədə dinə qarşı repressiv davranışlar rəsmi və ya qeyri rəsmi o qədər geniş vüsət alıb ki, artıq din deyilən məfhum yalnız dinsizləşmiş quru ad olaraq tətbiqi diqqət çəkir. Ramazan günləri bitməmiş bayram qeydi, Aşuranın tarixinin dəyişdirilməsi, qara bayraqlar, daxil kiçik din simvolları fonunda ruhanilərin həbsi, inanclıların hələ də repressiya olunaraq azadlıqlarının məhdudlaşdırılması, həqiqi dini maarifi ilə məşğul olan ilahiyyatçıların məscidlərdən uzaqlaşdırılması, İslam mediasının sərt senzura ilə üzləşməsi, ölkədə dini libasın-əmmamə əba qoyulmasına yasaq (hansı ki, bu geyim İslam Peyğəmbərinə (ə) məxsus xüsusi geyimdir), süni maneələrlə üzləşən hicab və dağıdılan məscidlər çoxsaylı səbəblər müstəvisindədir.
Bəllidir ki, ölkədə multikultral dəyər adı altında bütün dinlərin, hətta bir çox ölkələrdə qadağan olunmuş xəvaric-siyasi fəaliyyət üçün də Azərbaycanda geniş şərait yaradılıb. Həqiqi İslamdan uzaq olan bu tip baxışlar İslamın hədəfə alınmasında cəmiyyəti yumşaq keçid icra edərək dinsiz dinə dəvət rolunu oynayır ki, bu da İslamın həqiqətindən çox çox uzaqdır.
Son dövrlər din və milli dəyərlərin qarşı-qarşıya qoyularaq güya milliliyə üstünlük verilməsi kimi anti-İslam zehniyyətin həqiqəti İslamı ölkə həyatından sıxışdırılmağa hesablanmış addımların ardıdır. Təbii olaraq inaclı bir xanqın həyat dəftərindən inancın qaldırılması o qədər də rahat olmayacağını anlayan hakimiyyət bunu milliləşmə siyasəti kimi qabardaraq həqiqətdə dinsizləşən bir cəmiyyəti formalaşdırmaq istəyir.
Ölkədə millilik təhlükəsi ailə insitutlarından başlayaraq sürətli dağıntılar törədən efir məkanlarında təbliğ olunan pozğunluq, əyyaşlıq, əxlaqsızlıq, cinsibazlıq və sair bu kimi problemlər tüğyan etdiyi bir halda hakimiyyət İslamı hədəfə alaraq onu “milliləşdirmə” adı altında əzməyə çalışır. Xalqın milli dəyərləri ilə qarşı qoyulan din yüz illərdir ki, bu xalqın milli adət və ənənələri ilə birlikdə yanaşı addımlayaraq bu xalqın inkişaf amili olduğu halda bu günün hakimiyyəti hər vəchlə milliliyi dinin ziddi olaraq mərkəzləşdirməklə inancı linç etməkdə israrlıdır.
Son günlər II Şəhidlər Xiyabanının adının dəyişdirilərək Hərbi Memorial Məzarlıq adlandırılması buna növbəti sübutdur. Xalqın soy kökündə “şəhidlik” məfhumu aydın və ehtiramlı olduğu halda bunu digər adla dəyişdirlməsi hansı zərurətin nəticəsidir? Xalqın böyük sevgi bəslədiyi şəhidlər xiyabanlarına bu adla sayğı göstərməsi müstəqilliyin bərpasından bu günə qədər elə xalqın öz seçimi olaraq yaşadılır. Birdən-birə hansı ehtiyac şəhidlər adının dəyişdirilməsini sərgiləmiş oldu?
Şəhid sözü İslam terminidir və onun hədəfə alınması bəlli bir ssenarinin növbəti addımından başqa bir şey deyil. Bu da hədəfin növbəti dəfə İslam olduğunu göstərir.