Daha 7 fəal aclıq aksiyasına qoşulub

Yanvarın 9-da daha yeddi fəal Milli Şuranın və Müsavat Partiyasının həbsdə aclıq edən üzvü Tofiq Yaqubluya dəstək məqsədi ilə Müsavat Partiyasının qərargahında aclığa başlayıb. Bu barədə Operativtv.com Amerikanın Səsinə istinadən xəbər verir. Bununla da Tofiq Yaqublu da daxil olmaqla hazırda 12 ictimai-siyasi fəal aclıq edir. Bu gün həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev də yenidən aclığa başladığını elan edib.

Belə ki, dekabrın 9-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları Babək Həsənov, Əlzamin Salayev, Ceyhun Novruzov, Əlzamin Kazımov, Sakit Məmmədli, Tofiq Məmmədov, Müsavat Partiyasının fəalı Əziz Məmiyev Müsavat Partiyasının qəraragahında aclığa başlayıb. Bundan öncə isə Tofiq Yaqublunun həyat yoldaşı Maya Yaqublu, AXCP fəalları Seymur Əhmədzadə və Elnur Quliyev Tofiq Yaqublunun evində aclığa başlayıb. AXCP fəalı Babək Həsənov Amerikanın Səsinə bildirib ki, aclıq aksiyası daha da genişlənəcək.

“Çoxsaylı fəallar aclıq aksiyasına qoşulmaq üçün müraciət edib. Sadəcə olaraq Müsavat Partiyasının qərargahında yer az olduğundan onlar sıramıza qatıla bilmir. Belə qərarlaşmışıq ki, sıra ilə aclığı sonadək davam etdirək. Aksiyamızın tələbi ilk olaraq Tofiq Yaqubluya dəstəkdir. Amma ümumilikdə bütün siyasi məhbuslara azadlıq tələb edirik. Bu məqsədlə aksiyamızı tələblərimizə nail olanadək davam etdirəcəyik”, o qeyd edib.