Ciddi-qapalı rejimə-Umbakı həbsxanasına köçürülən Cahad Babakişizadəyə tam məhdudiyyət tətbiq edilib. Bu barədə siyasi məhbusun ailəsi məlumat verib.
“Avqustun 30-da Cahad Umbakıya köçürülüb və karantinə alınıb. Sentyabrın 14-də karantini bitərək onu üç nəfərlik kameraya yerləşdiriblər. Ötən gün (sentyabrın 18-də) müəssisə rəhbərliyi məlumat vermək üçün telefon əlaqəsi yaradıb ki, Cahad hazırkı vəziyyəti bizə izah etsin.”
Cahad zəngində ailəsinə bildirib ki, bu son zəngidir və ona “rejim” tətbiq edildiyindən müddəti məlum olmayan zamana qədər o, nə zəng edə, nə görüşə çıxa, nə də hər hansı bir sovqat ala bilməyəcək. Bunu o, müəssisə rəhbərliyinin Cahada təyin etdiyi qadağalarla əlaqələndirib və bildirib ki, bu qadağanın hansı müddətə qədər sürəcəyi haqqında ona məlumat verilməyib.
“Cahad bunun aylarla sürəcəyini söyləyərək özünün zəng açmayana qədər həbsxanaya gəlməməyi və ya sovqat gətirməməyi bizə tapşırıb.”
C. Babakişizadə iyulun 2-də daxili qaydaları tez-tez pozma bəhanəsi ilə məhkəmə önünə çıxarılıb və 3 il müddətinə ciddi-qapalı rejimli müəssisəyə köçürülməsi ilə bağlı cəzaya məhkum edilib.
26 noyabr 2015-ci ildə saxlanılan zaman 18 yaşını yeni tamamlamış Cahad Babakişizadə güllə yarası alan 10 Nardaran hadisəsi qurbanlarından biridir. 14 il 6 ay azadlıqdan məhrum edilən Cahad cəzasının ilk 3 ilini ciddi-qapalı rejimdə keçirib. Elə bu dövrdə də o, olmazın dəhşətsaçan işgəncələrini yaşayıb.
Sonrakı illərdə Cahad müxtəlif müəssisələrə köçürülsə də fərqli münasibətlərlə qarşılaşmayıb. Gah dini təbliğ adı altında karserlərə salınıb, gah da müxtəlif məzmunlu etirazlara qurban olaraq fiziki işgəncələrin ən dəhşətli forması ilə üzləşib. Bu barədə onun səsli etirafları da bir müddət öncə sosial media vasitəsi ilə geniş yayılmışdı.
Cahad Babakişizadəyə qapalı rejimdə tam məhdudiyyət tətbiq edilib