Bakı və Moskva Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına başlandığını bildirirlər

Azərbaycan Prezidentinin köməkçisi və Rusiya Prezidentinin mətbuat xidməti Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılması prosesinin başlandığını bildiriblər.

“2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses başlanıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər”, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev AZƏRTAC Dövlət agentliyinə bildirib.

Eyni zamanda aprelin 17-də Kreml Rusiya sülhməramlı qüvvələrinin Qarabağdan çıxarılmasının başlandığını təsdiqləyib.

"Bəli, bu, həqiqətən də belədir", Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskova istinadən TASS agentliyi məlumat yayıb.

Bu gün həmçinin sosial şəbəkələrdə Rusiya bayraqları altında 20 zirehli transportyor, onlarla benzindaşıyan və yük avtomobilindən ibarət kolonun Qarabağdan çıxmasına dair video görüntülər yayılıb.

Video çəkilişlərin müəllifləri bildirirlər ki, kadrlar Qarabağa bitişik Tərtər və Goranboy rayonlarında çəkilib. Rusiya bayraqları altında olan hərbi texnikalar və yük avtomobilləri Azərbaycanın Gəncə şəhəri istiqamətindəki hərbi aeroporta doğru irəliləyir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, Azərbaycanın ərazisində olan bütün məntəqələr və obyektlərin mühafizəsi Azərbaycan polisinin nəzarəti altındadır.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci ildə 44 gün davam edən müharibədən sonra noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Qarabağın erməni əhalisi yaşadığı ərazidə Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib. Sənəddə Rusiya sülhməramlıları 2025-ci ilin noyabrınadək Azərbaycan ərazisində qalacağı nəzərdə tutulub.

2023-cü il sentyabrın 19-20-də keçirilən hərbi əməliyyatdan sonra Qarabağın erməni əhalisinin yaşadığı əraziyə nəzarət Azərbaycan ordusuna keçdi. Növbəti iki həftə ərzində Qarabağda yaşayan erməni əhalisinin böyük əksəriyyəti - verilən məlumatlara 100 mindən çox insan Ermənistana üz tutdu.