Ali Məhkəmə Almaniyadan deportasiya olunduqdan sonra həbs edilən müxalif fəalın şikayətinə baxacaq

Operativtv.com Amerikanın Səsinə istinadən xəbər verir ki, mayın 2-də Ali Məhkəmədə Almaniyadan deportasiya olunduqdan sonra həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Pünhan Kərimlinin kassasiya şikayətinə baxış başlayacaq.

Bu barədə Turan agentliyinə fəalın atası Vahid Kərimli bildirib.

Vahid Kərimli oğluna verilən narkotik ittihamının əsassız olduğunu bildirib. Ata hesab edir ki, Ali Məhkəmə oğluma bəraət verməlidir.

“Oğluma verilən ittiham məhkəmələrdə sübut olunmayıb”, o qeyd edib

Pünhan Kərimli 2018-ci ilin oktyabrında Almaniyaya mühacirətə gedib. Mühacirətdən öncə AXCP fəalı kimi etiraz aksiyalarında iştirak etdiyi üçün təqiblərə məruz qalıb və bu səbəbdən ölkəni tərk edib.

Lakin Almaniya məhkəməsi onun Azərbaycanda siyasi təzyiqlərə məruz qalmadığı qənaətinə gəlib. 2021-ci ilin noyabrında Kərimli Azərbaycana deportasiya olunub. İki ay sonra o, narkotik ittihamı ilə həbs olunub.

Pünhan Kərimli ittihamı rədd edir. O məhkəmədə həbsinin real səbəbini hakimiyyəti sərt tənqid etməsi ilə izah edib.

Məhkəmənin hökmü ilə fəal 6 il azadlıqdan məhrum olunub.Lakin apellyasiya məhkəməsi həbs müddətini bir il azaldıb.

Dövlət Miqrasiya Xidməti bildirir ki, 2021-ci ildə ölkəyə qaytarılan 420 şəxsdən 39 nəfəri Almaniyadan qaytarılıb. Hazırda Almaniyadan deportasiya olunan və hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan 5 fəal həbsdədir.