Aİ-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşının məhkəməsi başlayıb

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin mühasibi olmuş Zərifə Abbasovanın cinayət işi üzrə hazırlıq iclası başlayıb.

Operativtv.com Reporta istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra prokuror Orxan Səmədov işin məhkəmə baxışına verilməsini təklif edib.

Cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.

Məhkəmənin baxış iclası mayın 11-nə təyin edilib.

Qeyd edək ki, istintaqla Z.Abbasovanın 2017-2022-ci illər ərzində həmin vəzifədə işləyərkən Nümayəndəliyin bank hesabında olan pul vəsaitlərini nağdlaşdırması, habelə saxta ödəniş tapşırıqları vasitəsilə müxtəlif vaxtlarda vəsaitləri öz əməkhaqqı kartına köçürərək sözügedən təşkilata məxsus 980 min manatdan artıq pulu mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.