ABŞ-dan İsrailə Məscidül-Əqsa reaksiyası

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin Məscidül-Əqsaya hücumundan dərin narahat olduqlarını və Qüdsdəki müqəddəs yerlərin tarixi status-kvonunu dəyişdirmək üçün birtərəfli addımların atıldığını qəbuledilməz adlandırıb.

Nazirliyin sözçüsü Ned Price, gündəlik mətbuat konfransında, Ben-Qvirin Məscidül-Əqsaya basqını ilə bağlı suala belə cavab verib: “Bu səfər gərginliyi artırma və zorakılığı qızışdırma potensialına malikdir. Dediyimiz kimi, bu potensiala malik hər hansı birtərəfli hərəkət bizi çox narahat edir. Bu səfər bizi çox narahat edir. Tarixi status-kvoya gəlincə, buradan tarixi status-kvonun nə olduğunu müəyyən etmək mənim üçün deyil. Tarixi status-kvonun nə olduğunu söyləmək Birləşmiş Ştatların işi deyil”.

ABŞ-ın Qüdsdəki müqəddəs yerlərin tarixi status-kvonunun qorunub saxlanmasının birmənalı olaraq tərəfdarı olduğunu bildirən Prays müqəddəs yerlərin tarixi status-kvonunun dəyişdirilməsi istiqamətində birtərəfli addımlara qarşı olduğunu bildirib. "Belə addımlar qəbuledilməzdir" deyə Prays bildirib. Prays ABŞ-ın Ben-Qvirlə heç bir əlaqəsinin olmadığını, lakin ABŞ administrasiyasının gün ərzində İsrailin yeni administrasiyası ilə məsələni müzakirə etdiyini bildirib.

İsrailin yeni ifrat sağçı naziri Ben-Qvir dünən səhər saatlarında İsrail polisinin sıx mühafizəsi altında Hərəmi-Şərifə daxil olmuşdu. Təxribatçı hərəkətləri ilə tanınan Ben-Qvir 5 ildən sonra Məscidül-Əqsaya daxil olan ilk İsrailli nazir olub. İsrailli siyasətçi Məscidül-Əqsada status-kvonu pozan və fələstinlilər tərəfindən basqın kimi qiymətləndirilən bu hərəkəti İbrani təqvimi ilə “Tevet” ayının 10-da (Əsarə BeTevet) həyata keçirib. Ben-Qvirin daha əvvəl Məscidül-Əqsanı “ziyarət edəcəyini” bildirməsi əks reaksiya ilə qarşılanıb və işğal olunmuş Fələstin ərazilərində gərginliyi artırıb. Yeni qurulan hökumətdə nazir olmazdan əvvəl Ben-Qvir tez-tez Məscidül-Əqsa basqınları, fələstinlilərə qarşı zorakılıq hərəkətlərinə təhrik etməsi və parlament üzvü olduğu müddətdə irqçi çıxışları səbəbindən xatırlanırdı.