Ukraynaya kifayət qədər yardımı edən Qərb tələsir, çox tələsir... Çünki 2024-ə elə də çox vaxt qalmayıb...

Ukraynanın müqavimət simvollarından daha biri – Baxmut da artıq dünəndən rusların nəzarətinə keçib. Ancaq 2 aydan çoxdur, Ukraynanın əks-hücumuna saatların qaldığı təbliğatını aparan Azərbaycandakı məlum şəbəkə hələ də iddia edir ki, Baxmut işğal olunmayıb, Zelenskiyə səhv məlumat veriblər.
Təəccüblü bir şey yoxdur: hərbi xidmət dövründə əsgərin kartof və çəkmələrini oğurlayıb satanları “hərbi ekspert”, dələduzları və dana oğrularını isə “partiya sədri”, “politoloq”, “aparıcı” kimi efirlərə çıxarıb millətə sırıyanda, mənzərə və yanaşma həmişə belə olur.
Gerçəkliksə odur ki, Qərbin israr və təhriklərinə baxmayaraq, Zelenski mövcud imkanlarla əks-hücumun Ukrayanın məğlubiyyətinə gətirib çıxaracağını çox yaxşı bilir və "F-16"ların verilməsi tələbiylə bundan yayınmağa, vaxt qazanmağa çalışır.
Zelenski yaxşı görür ki, Qərbdə Ukraynanın əks-hücumunun nəticələrini əsas götürməklə Rusiya ilə sövdələşmə masası arxasına keçməyə hazırlaşanların sayı getdikcə artır.
Onu da yaxşı görür ki, əks-hücum uğursuz olarsa, bu, Zelenskinin nüfuzuna böyük zərbə vurmaqla, Ukraynanın daxilində də müharibə əleyhdarlarının mövqeyini gücləndirəcək və Rusiya ilə razılaşmaq istəyənlərin sayını artıracaq.
Siyasi nüfuzunun pik dövrünü yaşayan Zelenskiyə indi vaxtı uzada bilmək "F-16"lar qədər gərəklidir. Ona görə də Yaponiyada keçirilən "G-7" sammiti zamanı da Qərbin qarşısında maksimum tələblərini qoydu.
Ukraynaya indiyədək kifayət qədər maliyyə və silah yardımı edən Qərb isə tələsir, çox tələsir... Çünki 2024-ə elə də çox vaxt qalmayıb...

 

Elxan Şükürlü.