Səbuhi Səlimovun Apellyasiya məhkəməsi davam edəcək

Bakı Apellyasiya Məhkəməsində Səbuhi Səlimovun hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən məhkəməsi davam edəcək. O, barəsində çıxarılan hökmün qurama və sifarişli olduğunu bildirərək qərardan apelliyasiya verib. Məhkəmə iclası martın 2-si, saat 11:00-a təyin edilib.

Artıq uzun zamandır ki, məhkəmə qərarına etiraz edən Səbuhi Səlimov aclıq aksiyasına başlayıb. Onun vəziyyətində ağırlaşmalar səbəbindən Səbuhi Pentensiar Xidmətin Müalicə Mərkəzinə köçürülüb.  Aclıq aksiyasının səbəbi isə vətənə xəyanət ittihamı ilə şərlənərək həbs edilməsi və Bakı Ağır Cinayətlər Məhkəməsinini sifarişli hökmüdür.

Qeyd edək ki, Qarabağ qazisi, inanclı fəal Səbuhi Səlimov 2021-ci il oktyabrın 20-də DTX tərəfindən saxlanılıb və haqqında cinayət məcəlləsinin 274-cü maddəsi ilə (dövlətə xəyanət) həbs qərarı verilib. Noyabrın 22-də Bakı Ağır Cinayətlər məhkəməsində Eldar İsmayılov hakimliyi ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib.

Səlimov dövlətə xəyanətdə – İranın xüsusi xidmət orqanlarına casusluqda, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyinə daxil olan şəxslərin göstərişlərini yerinə yetirməkdə təqsirli bilinib. Ancaq özü bu ittihamlarla razılaşmır, pul müqabilində casusluq etməsi haqda ittiham aktında yazılanları da "nağıl" adlandırır. Səlimov İrana getdiyini də, İsrail səfirliyinin qarşısında aksiya keçirməyə cəhd göstərdiyini də təsdiqləyir. Amma bunu İranın xüsusi xidmət orqanlarının tapşırığıyla etməsi ittihamıyla razılaşmır. O, deyib ki, İrana əvvəl xırda ticarətlə məşğul olduğuna görə gedib-gəlib. 2011-ci ildə isə ürək əməliyyatı ilə əlaqədar gedib.

Səbuhi Səlimov Birinci Qarabağ müharibəsində könüllü olaraq ön cəbhədə döyüşüb. İkinci Qarabağ müharibəsində isə arxa cəbhədə xidmət edib.