Samir Babayev: "Başımı divara vururdular"

Bu gün (11 may) Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə Müsəlman Birliyi Hərəkatının üzvü Samir Babayevin növbəti məhkəmə proses keçirilib.
Giperssilka.ru İnformasiya Agentliyinin verdiyi xəbərə görə, o, saxlanılarkən və ifadə verərəkən işgəncələrə məruz qaldığını bildirib: 

"Məni işə gedəndə evimin yaxınlıında yolda tutdular. Öz maşınımla Sabunçu rayon polis idarəsinə apardılar. Məni maşında arxada oturdtular. Hər iki tərəfimdə oturanlar məni idarəyə çatana qədər təhqir edib, döydülər. 
Polis İdarəsində stolun üstünə narkotik qoydular. Dedilər ki, biz video çəkirik, əlini uzat bunları göstər çəkək. Mən də dedim ki, bunlar mənim deyil. Məni döyməyə başladılar. Başıma, bədənimə bir neçə nəfər dayanmadan təpiklə vururdular. Amma mən o ifadəyə imza atmadım. Sonra "bandotdel"in (DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi-BMCMİ) nümayəndəsi gəldi. Mənə dei ki, narkotiki boynuna almasan silah qoyacam üstünə. Mən də dedim ki, heç birini götürmürəm. Mən ifadəyə qol çəkmədim. Mənim başımı divara vururdular".

Samir Babayevin vəkili Fariz Namazlı bildirib ki, Samir Babayevin həbsinə qərar verən Sabunçu məhkəməsi onun işgəcə ilə bağlı şikayətinə biganə qalıb: "Məhkəmə Samir Babayevin saxlanılarkən və polis idarəsində işgəncə görməsi faktı ilə bağlı prokurorluğa müraciət etməli idi. Lakin bunu etməyib. Mən işə gec qoşuldum və müraciət etdim. Müstəntiq araşdırdı, aradan bir ay keçmişdi işgəncə izi qalmamışdı".

Növbəti məhkəmə iyun 7-i saat 11-ə təyin edilib. 

Xatırladaq ki, ölkədə inanclılara qarşı həbslərin yer aldığı layihə çərçivəsində Samir Babayev də saxlanılmışdı. O, 2022-ci il 2 dekabr tarixində polislər tərəfindən yaşadığı evin yaxınlığından həbs edilmişdi. İki gün sonra məhkəmə önünə çıxarılan ictimai fəala 234.4.3-maddəsi (satış məqsədilə külli miqdarda narkotik maddə əldə etmə, daşıma, saxlama) ilə cinayət işi açılaraq barəsində 4 ay müddətində həbsqəti imkan tədbiri seçilmişdi.

Bundan öncə də, Samir Babayev dəfələrlə rejimin hədəfinə gələrək 30 və 60 sutka inzibati cəza alaraq müvəqqəti saxlanılmışdı. Sonuncu inzibati həbsində onu MBH-dən uzaqlaşmayacağı təqdirdə narkotik ittihamı ilə uzunmüddətli həbs ilə təhdid etmişdilər.