Rusiya və Ukrayna nazir müavinləri Türkiyədə görüş keçiriblər

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Türkiyə, Rusiya və Ukrayna müdafiə nazir müavinləri taxıl təşəbbüsü ilə bağlı görüş keçiriblər.

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, İstanbulda Türkiyə, Rusiya və Ukrayna müdafiə nazirlərinin müavinləri, həmçinin Birləşmiş Millətlər Təşkilatının (BMT) rəsmilərinin iştirakı ilə taxıl təşəbbüsü və digər məsələlərlə bağlı görüş keçirilib.

Nazirliyin açıqlamasında bildirilib ki, “Taxıl sazişi” və digər məsələlərin müzakirə olunduğu toplantı İstanbulda Türkiyə, Rusiya, Ukrayna müdafiə nazirlərinin müavinləri və BMT rəsmilərinin iştirakı ilə keçirilib. Milli müdafiə nazirinin müavini Yunus Emre Karaosmanoğlu və onu müşayiət edən nümayəndə heyəti ölkəmiz adından görüşdə iştirak edib.
Xatırladaq ki, ötən il iyulun 22-də İstanbulda qida və gübrələrin beynəlxalq bazara tədarükü ilə bağlı sənədlər paketi imzalanıb. İlkin olaraq müqavilələr 120 gün müddətinə bağlanıb, ötən ilin noyabrında isə eyni müddətə uzadılıb. Taxıl müqaviləsinin müddəti mayın 18-də başa çatacaq.