Rusiya taxıl müqaviləsinin uzadıla biləcəyini bildirib

Taxıl müqaviləsi Rusiyanın maraqlarına uyğun olaraq uzadıla bilər. Məlumatı Operativtv.com Amerikanın Səsinə istinadən verib. 

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşündə deyib. İki ölkənin nazirləri martın 1-də Yeni Dehlidə G20 çərçivəsində görüşüb.

Tərəflər Rusiya-Türkiyə siyasi dialoqu prosesini və ticarət-iqtisadi sahədə əməkdaşlıq, o cümlədən Türkiyəyə zəlzələnin nəticələrinin aradan qaldırılmasında köməklik göstərəcək tədbirləri müzakirə edib.

"Qara Dəniz Taxıl Təşəbbüsünün həyata keçirilməsi perspektivlərini müzakirə edərkən Rusiya tərəfi vurğulayıb ki, taxılla bağlı "paket" sazişinin davam etdirilməsi Rusiya kənd təsərrüfatı məhsulları və gübrə istehsalçılarının bu məhsullara dünya bazarlarına maneəsiz çıxışı baxımından maraqları təmin olunduğu təqdirdə mümkündür", Rusiya Xarici İşlər Nazirliynin məlumatında deyilir.

Taxıl sazişi martın 18-də başa çatır. Ötən ilin iyulunda Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan taxıl sazişi Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.