Rusiya müsəlmanlarının rəhbərliyi İsveçdə Quranın yandırılmasını pisləyiblər

Rusiyadakı müsəlman və xristianlar ifrat sağçı "Hard Deal" hərəkatının lideri Rasmus Paludan tərəfindən Türkiyənin İsveçin paytaxtı Stokholmdakı səfirliyi qarşısında Qurani-Kərimin nüsxəsinin yandırılmasını pisləyiblər.

Operativtv.com SalamNews-a istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi sosial şəbəkələrdə Quranın nüsxəsinin yandırılmasını “barbarlıq” adlandırıb.

"Rusiya Müsəlmanları Ruhani İdarəsinin Rəyasət Heyəti yanvarın 21-də İsveçin paytaxtında törədilmiş vəhşilik aktını qətiyyətlə pislədiyini bildirir. Bu aksiyanın təşkilatçılarının niyyətləri bəllidir və dinlərarası qarşıdurma yaratmaqla müəyyən qrup insanları siyasi səfərbər etmək cəhdini əks etdirir", deyə Rusiya Müsəlmanları Ruhani İdarəsinin Rəyasət Heyətinin saytında deyilir. 

Rusiya Müsəlmanları Ruhani İdarəsinin Rəyasət Heyəti xəbərdarlıq edib ki, belə bir addım Avropa cəmiyyətində düşmənçilik və nifrətin yayılmasına səbəb olacaq.

Moskva Patriarxlığının Cəmiyyət və Media ilə Əlaqələr Sinodal Departamentinin sədri Vladimir Leqoyda İsveçdə Quran nüsxəsinin yandırılmasını “qəbuledilməz vandalizm aktı” adlandırıb. 

Leqoyda bildirib ki, başqa bir insan üçün müqəddəs olana bir şeyə “tüpürmək” olmaz.

Onun sözlərinə görə, siyasi mübarizədə insanlıq sərhədlərini aşmaq, dini atributları təhqir etmək olmaz.