Pakistan: Bəlucistanda silahlılarla atışmada 6 əsgər və 1 mülki şəxs həlak olub

Pakistan rəsmiləri şənbə günü bildirib ki, gecə cənub-qərb Bəlucistan əyalətində “terrorçular”la silahlı atışmada altı əsgər və bir mülki şəxs, habelə altı hücumçu öldürülüb. Əlavə altı nəfərin yaralandığı deyilir. “Təmizləmə əməliyyatı zamanı bir mülki vətəndaş da daxil olmaqla torpağın yeddi oğlu şəhid olub, biri qadın olmaqla daha altı nəfər yaralanıb," - ordunun media qolu olan Xidmətlərarası İctimaiyyətlə Əlaqələr idarəsi bildirib.

İdarə bildirib ki, zorakılıq cümə günü axşam saatlarında "yaxşı təchiz edilmiş" yaraqlılar əyalət paytaxtı Kvettadan təxminən 100 kilometr şimalda yerləşən əsas hərbiləşdirilmiş birləşməyə hücum etməsi nəticəsində baş verib.
İdarənin bildirdiyinə görə, ardınca baş verən toqquşmalar və "təmizləmə əməliyyatı" şənbə günü səhərə qədər davam edib və nəticədə hücumda iştirak edən "altı terrorçunun hamısı" öldürülüb. 
Hücum edənlər ailələri, o cümlədən qadın və uşaqları yaşayış blokunda girov götürüblər. Onları daha sonra təhlükəsizlik qüvvələri xilas edib.

Bu yaxınlarda ortaya çıxan “Təhriki-Cihad Pakistan” adlı militant qrup Əfqanıstan və İranla sərhəddə yerləşən təbii ehtiyatlarla zəngin ancaq yoxsul Bəlucistanda hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Əyalətdə müntəzəm olaraq təhlükəsizlik qüvvələrinə və qurğularına hücumlar olur. Zorakılıqların məsuliyyəti daha çox etnik bəluc üsyançılar, qanunsuz Pakistan Talibanı ilə əlaqəsi olan militantlar və İslam Dövləti qruplaşması ilə əlaqəsi olanlar öz üzərinə götürür.

Son zamanlar Pakistanda, xüsusilə də ölkənin Əfqanıstanla uzun sərhədinin böyük bir hissəsini paylaşan şimal-qərb Hayber-Paxtunxva əyalətində militant hücumlarının sayı artıb. Rəsmilər deyir ki, zorakılıqlar ilin əvvəlindən bəri yüzlərlə insan, əsasən də əsgərlər, Pakistanın polis qüvvəsinin üzvlərinin ölümünə səbəb olub.

 

Amerikanın Səsi.