İraqda bütün qeyri-rəsmi sərhəd-keçid məntəqələrinin bağlanmasına başlanılıb

İraqın Sərhəd Qoşunlarının komandanı ölkənin Silahlı Qüvvələrinin Ali Baş Komandanının bütün qeyri-rəsmi sərhəd-keçid məntəqələrinin bağlanması barədə əmrinin icrasına başlanıldığını açıqlayıb.

Bu barədə İraq rəsmisi keçirdiyi mətbuat konfransında sərhədçilərin son fəaliyyətlərindən danışarkən məlumat verib.

Sərhəd təhlükəsizliyi sahəsində əldə olunan nailiyyətlərə toxunan komandan bildirib ki, İraq öz beynəlxalq sərhədlərinə nəzarət sahəsində misli görünməmiş və yüksək səviyyəyə çatıb. Onun sözlərinə görə, Sərhəd Qoşunları Suriya ilə olan 600 kilometrlik ortaq sərhədin təhlükəsizliyini digər qüvvələrin iştirakı olmadan təkbaşına təmin edir. Ümumilikdə isə Suriya, İordaniya, Səudiyyə Ərəbistanı, Küveyt və İranla olan sərhədlərə nəzarət müasir standartlara uyğun həyata keçirilir.

İraq rəsmisi əlavə edib ki, sərhəddən sızma və qaçaqmalçılıq hallarının qarşısını almaq məqsədilə ağıllı müşahidə texnologiyalarından istifadə edilir və digər təhlükəsizlik qurumları ilə kəşfiyyat koordinasiyası qurulub. Həmçinin İraq Kürdüstan Regional Hökumətinin (İKRH) ərazisindəki sərhəd-keçid məntəqələrinin idarəçiliyinin ölkənin digər giriş-çıxış qapıları ilə vahid sistemdə birləşdirilməsi istiqamətində planlar icra olunur.