Əli Kərimli beş aylıq fasilədən sonra ailəsi ilə görüşüb

Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli beş aylıq fasilədən sonra noyabrın 25-də ailəsi ilə görüşüb.

AXCP-dən bildirilib ki, iyun ayından etibarən partiya sədrinin saxlanma şəraiti ağırlaşdırılıb, ailəsi ilə görüşünə və telefon danışıqlarına qadağa qoyulub. Noyabrın 23-də isə onun ailəsi ilə telefonla danışmasına imkan yaradıldığı açıqlanıb.

Əli Kərimlinin Hüquqlarını Müdafiə Komitəsi hələ iyun ayında siyasətçiyə istintaq təcridxanasında təzyiq göstərildiyini, saxlanma şəraitinin məqsədli şəkildə ağırlaşdırıldığını bəyan etmişdi. Komitə onun idmanla məşğul olmasına imkan verilmədiyini, gəzinti müddətinin isə yarıbayarı azaldıldığını bildirmişdi.

Avqust ayında isə barəsindəki həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi məsələsinə baxılması üçün məhkəməyə aparılan Əli Kərimlinin xüsusi nəqliyyat vasitəsində susuz qaldığı üçün huşunu itirdiyi iddia olunmuşdu.

Mayın 9-da atası Əmirhüseyn Kərimovu itirən AXCP sədrinin dəfn mərasimində iştirakına da icazə verilməmişdi. Partiya bunu Əli Kərimliyə qarşı təzyiqlərin tərkib hissəsi kimi qiymətləndirmişdi.

Hazırda Əli Kərimlinin məhkəmə prosesi davam edir. AXCP-dən verilən məlumata görə, məhkəmə iclasları qapalı keçirilir.

Partiya sədrinə Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər) maddəsi ilə yekun ittiham irəli sürülüb. Maddədə 12 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Əli Kərimli ittihamı rədd edir, siyasi sifarişlə həbs olunduğunu və istintaqa ifadə vermədiyini bildirir.

Əli Kərimli və eyni ittihamla üzləşən AXCP rəhbərliyində təmsil olunan Məmməd İbrahim 2025-ci ilin noyabr ayının sonunda həbs ediliblər. Əvvəlcə onların Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı başlanmış cinayət işi çərçivəsində saxlanıldıqları bildirilsə də, sonradan cinayət işləri bir-birindən ayrılıb.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 2026-cı il fevralın 12-də yaydığı açıqlamada Ramiz Mehdiyev, baş nazirin keçmiş birinci müavini Abbas Abbasov, Əli Kərimli, Məmməd İbrahim və bir sıra digər şəxslərin adlarını çəkib.

DTX həmin şəxslərdən bəzilərinin xarici xüsusi xidmət orqanlarının dəstəyi ilə Azərbaycanda dövlət hakimiyyətinin zorla ələ keçirilməsi və konstitusiya quruluşunun dəyişdirilməsi istiqamətində fəaliyyət göstərdiyini iddia edib.

AXCP rəhbərləri ittihamları rədd ediblər. Adı çəkilən digər şəxslər isə ittihamlarla bağlı ictimaiyyətə açıqlama verməyiblər.

Dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasında ittiham olunan Ramiz Mehdiyevin məhkəmə prosesi artıq başa çatıb.

Yaşı və səhhətindəki problemlər nəzərə alınmaqla ona 14 il şərti cəza verildiyi açıqlanıb. Mehdiyevin hökmdən apellyasiya şikayəti verdiyi bildirilir.