Sən böyüklərin narkotik biznesinə mane olursan

Hazırda narkotik ittihamı ilə həbsdə olan dini inanclı məhbus İsmayıl Məmmədovun saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında (BİT) görüş və zənglərinə məhdudiyyətlər qoyulur.

Bu barədə İsmayılovun ailəsi Meydan TV-yə məlumat verib.

Həyat yoldaşı deyir ki, İsmayıl Məmmədovu martın 3-də axşam saatlarında 7-8 mülki geyimli polis zorla maşına mindirərək polis idarəsinə aparıb. Onun sözlərinə görə, saxlanılan zaman Məmmədova zorakılıq göstərilib və ona narkotik istifadəçisi olduğunu “etiraf etməyi” tələb ediblər. İsmayıl Məmmədov bu barədə vəkili ilə görüş zamanı danışıb.

“İsmayıl həmin gün oruc tutmuşdu, iki nəfər dostu ilə birlikdə oturduqları kafedən çıxanda 7-8 nəfər mülki geyimli yaxınlaşıb, əl-qolunu tutub maşına atıblar. Yoldaşım deyir ki, qabağına narkotik qoyublar, deyiblər ki, al bunu, cibinə qoy, sənindir. O da “mən qarşı çıxdığım, heç istifadə etmədiyim, görmədiyim bir şeyi necə yəni boynuma götürə bilərəm”, deyərək etiraz edib. Müstəntiq cavab verib ki, bizim üçün problem yoxdur, aparıb ya ailə üzvlərinin birinin maşınına ya da evə qoyarıq”, – deyə həyat yoldaşı bildirib.

Ailəsi deyir ki, İsmayıl Məmmədov narkotiklə bağlı ittihamını qəbul etməyib, bundan sonra müstəntiq ondan telefon şifrəsini istəyib. Şifrəni verməyə etiraz edən Məmmədova yenidən zorakılıq göstərilib:

“İsmayıl deyib ki, mən narkotik istifadə edənlərə həmişə kömək olmuşam, o işdən çəkindirmişəm, siz məni buna görə həbs eləyirsiniz? Müstəntiq də deyib ki, sən böyüklərin biznesinə, ticarətinə mane olursan, elə buna görə də şərləyib həbs eləyirik”.

Məmmədov külli miqdarda narkotik vasitələrin istifadəsi maddəsi ilə ittiham olunur. Məhbus ailəsi ilə danışıq zamanı bildirib ki, polis idarəsində gördüyü zorakılıqdan huşunu itirib. Bundan sonra telefonun şifrəsini verməyə məcbur qalıb. Ona stəkanda su içirildiyini və bu hadisədən sonra qanında narkotik çıxdığını deyir.

Həyat yoldaşının sözlərinə görə, müəssisədən qadağanın 15-20 gün davam edəcəyi deyilib. Amma artıq bir aydan çoxdur ki, Məmmədov ailəsi ilə telefonla danışa bilmir.