2 saylı cəzaçəkmə müəssisəsində görüşlə bağlı problem yaşanıb

Həbsxanalarda problemlərin yaşanması halları davam edir. Bu dəfə 2 saylı cəzaçəkmə müəssisəsində məhbusun görüş və azuqə alması ilə bağlı çətinlik yaranıb. Belə ki, siyasi məhbus İbrahimli Həbibin həmin müəssisədə qanuni görüş hüququ pozulub.

Əvvəlcədən razılaşdırılmış görüşə baxmayaraq, Lənkərandan gələn yaxınları müəssisəyə buraxılmayıb və ailə üzvləri geri qayıtmağa məcbur olublar. Müəssisə rəhbərliyi və səlahiyyətli şəxslər görüşün mümkün olmadığını bildiriblər.

Artıq 2026-cı ilin əvvəlindən etibarən həbsxanalara qəbul edilən azuqənin həcminin azaldılması uzaq məsafələrdən sovqat gətirən ailələr üçün ciddi çətinliklər yaradıb. Belə ki, yalnız bir neçə aydan bir görüşə gələ bilən ailələrin gətirə biləcəyi azuqənin miqdarının məhdudlaşdırılması onları əlavə xərclər hesabına səfərlərin sayını artırmağa məcbur edib. Bu isə həm ümumi xərclərin artmasına, həm də ailə büdcəsinə ziyan vurulmasına səbəb olub.

Bu çətinliklə üzləşən İbrahimli Həbib görüş məsələsi həll olunana qədər ona gətirilən sovqatı qəbul etməyəcəyini bildirərək ondan imtina edib.