Əlizamin Salayevin vəkili: "Dedi ki, ya bəraət alacaq, ya da hədsxanada öləcək"

"Əlizamin Salayevin səhhəti çox ağırdır. Onu görüşə əlil arabasında gətirdilər. Ayaq üstə dayana bilmir"

Toplum Tv xəbər verir ki, bunu mayın 25-də "Turan"a açıqlamasında həbsxanada 108 gündür aclıq aksiyası keçirən AXCP fəalı Əlizamin Salayevin vəkili Fəxrəddin Mehdiyev bildirib. 

“O dedi ki, ya bəraət alacaq, ya da həbsxanada öləcək. Salayevin səhhəti çox ağırdır. Onu görüşə əlil arabasında gətirdilər. Ayaq üstə dayana bilmir. 48 kiloqram çəki itirib (118 kiloqramdan 70-ə düşüb). Arterial təzyiq 80/60-dır, ürək döyüntüləri dəqiqədə 120-dək artıb”, - vəkil qeyd edib. 

Onun sözlərinə görə, Salayev daimi tibbi nəzarət altındadır: "Gün ərzində bir saat yarımadək sistem köçürülür. Halı pisləşəndə ona kömək etmək üçün palatada nəzarətçi var”.

Məlumata görə, bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyinin əməkdaşları da Salayevə baş çəkiblər.

Xatırlatma

Əlizamin Salayev fevralın 7-də saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 221.3 – cü maddəsilə (xuliqanlıq-silah və ya silah kimi istifadə olunan əşyaların tətbiqilə  zərərçəkmişə qarşı güc tətbiqi) cinayət işi açılıb. Mayın 22-də Qaradağ Rayon Məhkəməsində keçirilən iclasda hakim Salayevi 4 il müddətinə azadlıqdan məhrum etmək barədə qərar çıxarıb. 

Salayev həbsini sifariş hesab edir və məhkəmənin qərarına etiraz olaraq 100 gündən çoxdur ki, aclıq aksiyası keçirir. 

ABŞ Dövlət Departamenti və ABŞ-ın Bakıdakı səfirliyi Azərbaycan hakimiyyətinə Əlizamin Salayevi və digər siyasi məhbusları azad etməklə bağlı çağırış edib.